mobil versiya

2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım qeydə alınıb


Yanvarın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev və “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev iştirak ediblər.
Mətbuat konfransında giriş nitqi ilə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 2023-cü ildə Səhmdar Cəmiyyət tərəfindən qiymətli metalların hasilatı, satışı, ixracı, geoloji kəşfiyyat, yeni istehsal müəssisələrinin yaradılması, kadr hazırlığı, məşğulluq, ekoloji siyasət, korporativ sosial məsuliyyət və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə geniş hesabat verib. Qeyd olunub ki, dövlətimizin hərtərəfli inkişafı fonunda 2023-cü il “AzerGold” üçün yaddaqalan və səmərəli il olub. Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə “Tülallar” qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonunda iki böyük istehsalat infrastrukturu layihəsi uğurla icra olunub. Bunlardan biri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu, digəri törəmə şirkət - “AzerBlast” MMC-nin Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodudur. Hər iki müəssisə ötən ilin 28 dekabr tarixində sınaq rejimində istifadəyə verilib.

Hesabat ilində hasilat göstəriciləri 63.7 min unsiya qızıl təşkil edib. Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. Eyni zamanda ötən il 114.3 min unsiya gümüş hasilatı həyata keçirilib. Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1.7 min unsiya artım (3%) qeydə alınıb. 2024-cü il üçün hasilat planı isə hesabat ili ilə müqayisədə 9% daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla – 156.8 min unsiya gümüş təşkil edir.
2023-cü ildə qiymətli metalların satış gəlirlərində də müsbət dinamika davam edib. Hesabat ilində yerli və beynəlxalq bazarlarda ümumilikdə 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illə müqayisədə ümumi qızıl satışı həcmində 7% artım qeydə alınıb. Qeyd edilən ümumi satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib.
Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9%-i məhz qızılın satışı nəticəsində əldə edilib. Bununla, 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir isə 1.19 milyard manat olub.
Z.İbrahimov, həmçinin respublikamızın malik olduğu zəngin mineral-xammal potensialını dayanıqlı inkişafa çevirməyi, ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyi qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin geoloji kəşfiyyat sahəsində fəaliyyətindən danışıb. Hesabat ilində Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işlərinin həyata keçirildiyini bildirib. 2024-cü ildə geoloji tədqiqat sahələrinin daha da genişləndirildiyi, daha qısa müddətdə daha böyük ərazilərdə ilkin tədqiqat nəticələri əldə etmək üçün innovativ texnologiyaların geniş tətbiqinə başlanıldığı diqqətə çatdırılıb.
Daha sonra “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev çıxış edərək, “Daşkəsən” dəmir filizi yataqlarının istismarına hazırlıq, dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurların tərkibindəki dəmirin zənginlik dərəcəsinin nisbətən aşağı olması (ortalama 40%) bu filizlərin zənginləşdirilərək, minimum 67%-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq 67% dəmir tərkibli konsentrat istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan 67% dəmir tərkibli pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95% dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək.

Bildirilib ki, zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaradır.
Əlavə edilib ki, layihənin yüksək investisiya dəyəri (1.7 milyard manat) nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.
Mətbuat konfransında, həmçinin “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev ötən il Gəncə şəhərində inşa olunan Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun sınaq rejimində fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, illik istehsal gücü 31.5 min ton həcmində qiymətləndirilən zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir. Bildirilib ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton partlayıcı maddələrin istehsalı nəzərdə tutulub. Qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin istehsal edilən maddələrin ixrac potensialı nəzərə alınaraq, zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır.
Tədbirin sonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov qarşıdakı dövrdə ölkəmizin dağ-mədən sahəsinin davamlı inkişafı istiqamətində nəzərdə tutulan fəaliyyət planları barədə məlumat verib, həmçinin media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-01-2024, 17:22