İsrail ”Əl-Cəzirə”nin də ofisini bağladı – BMT qərarı pislədi
Qəzzada törətdiyi dəhşətli qətliamları dünya ictimaiyyətindən gizlətməyə çalışan İsrail hökuməti mayın 5-də keçirdiyi iclasda Qətərin “Əl-Cəzirə” telekanalının da ölkədəki ofisini bağlamaq qərarına gəlib.
Hökumətin qərarını elan etdikdən az sonra İsrailin kabel şəbəkələri Əl-Cəzirə yayımlarını kəsməyə başlayıb. Polis Şərqi Qüdsdə yayım avadanlığını sökmək üçün kanalın ofisinin yerləşdiyi otelə basqın edib.
“Əl-Cəzirə” İsrail hökumətinin qərarını “cinayətkar” və insan haqlarının pozulması adlandırıb. İsrailin təhlükəsizliyini təhdid etdiyinə dair ittihamları rədd edib və hüquqlarını qorumaq üçün qanuni tədbirlər görəcəyini bildirib. İsrailin bu qərarı BMT-nin İnsan Haqları komitəsi tərəfindən də pislənib.
“Əl-Cəzirə”-nin ofisinin bağlanması və kanalın İsraildə yayımının qadağan edilməsi qərarı mümkün atəşkəs və HƏMAS-ın Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı danışıqların növbəti mərhələsi fonunda qəbul edilib. Qətər danışıqlarda vasitəçilərdən biridir. Əl-Cəzirə kanalının bağlanması qərarının danışıqlardakı vəziyyətlə bağlı olub-olmadığı aydın deyil. Bazar günü İsrail və beynəlxalq media mənbələrə istinadən yazıb ki, daha əvvəl razılaşmanın əldə oluna biləcəyi iddialarına baxmayaraq, yenidən çıxılmaz vəziyyətə düşüblər.
HƏMAS nümayəndələri artıq Misiri tərk edərək qrup liderləri ilə məsləhətləşmələr üçün Qətərə gediblər. İsrail nümayəndə heyəti danışıqlarda iştirak etməyib, təkliflərini yazılı şəkildə təqdim edib. Bir sıra KİV-in məlumatına görə, əsas fikir ayrılıqları sektorda daimi atəşkəs məsələsi ilə bağlı yaranıb: İsrail yalnız müvəqqəti atəşkəsə razılığını bildirərək bu formula ilə razılaşmır.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 6-05-2024, 13:31