Ölkələr COP29-da iqlim maliyyələşməsinin yeni hədəfini müəyyən edə bilər - Muxtar Babayev
Bakıda keçiriləcək COP29-da ölkələrin daha kasıb ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi ilə bağlı yeni qlobal hədəflə çıxışları gözlənilir.
Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "The Guardian"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs daha kasıb ölkələrə istixana qazları tullantılarını azaltmağa və ekstremal hava şəraitinə uyğunlaşmağa yardım edəcək.
“Qlobal cənubun bəzi ölkələrinin hökumətləri bu məbləğlərin illik 1 triliyon dolları keçməsinə çağırışlar edirlər.
Kasıb ölkələrə tullantıların azalması üzrə planları yeniləmək məqsədilə temperatur artımını 1,5°C-dən aşağı səviyyədə saxlamaq zərurəti ilə əlaqədar milli səviyyədə müəyyən edilmiş ianələr kimi tanınan iri məbləğlər lazım olacaq. Bu üçbucağa bənzəyir: bir tərəfi – şəffaflıq, yəni tərəflər arasında etimaddır. Digər tərəfi – maliyyə, üçüncü tərəfi – milli ianələrdir”, - deyə o qeyd edib.
Muxtar Babayev ölkələri maliyyə böhranından çıxmaq üçün COP29-dan öncə öz hesabatlarını təqdim etməyə çağırıb.
O xatırladıb ki, inkişaf etmiş ölkələr tullantıların azalması, iqlim böhranı nəticələrinə adaptasiya və iqlim maliyyələşməsinin şəffaf idarəedilməsi üzrə fəal tədbirlər nümayiş etdirərək kasıb ölkələrə bu cür maliyyə dəstəyində daha az etiraz edəcəklər.
“Əgər bütün bu tərəflər uğur qazanarsa, ölkələr fəaliyyətlərinin şəffaf təsviri təqdim edərlərsə, bu həmçinin inkişaf etmiş dünya üçün inkişaf etməkdə olan dünyanın prioritetlərinin reallaşdırılmasında yaxşı arqument olacaq. Biz birləşdirici halqa olmaq istərdik”, - deyə o əlavə edib.
Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-05-2024, 15:09