XVI Azərbaycan Moda Həftəsi sabah başlayır
XVI Azərbaycan Moda Həftəsinin yaz-yay mövsümü çərçivəsində mayın 16-17-si tarixlərində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək.
Tədbirlər Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan, Fransa, Vyetnam, Özbəkistan və Tacikistandan qatılan dizayner və modelyerlər müasir dəbin yeniliklərini, tendensiyanı, milli motivlərin geyim üzərində interpretasiyasını nümayiş etdirəcəklər.
Həmçinin eksklüziv parçalardan hazırlanan geyim nümunələri də təqdim olunacaq.
“The Ritz-Carlton” hoteldə start veriləcək tədbirdə eksklüziv geyim nümunələri sərgilənəcək.
Bundan əlavə, mayın 17-də Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Yanardağ” muzeyi ərazisində “Art by Sofia”, “Shogy”, “Aktoty”, “Mussavir”, “Brand by Jamilya”, “Safiya Couture”, “Natavan” brendlərindən kolleksiyaların təqdimatları olacaq.
XVI “Azerbaijan Fasihion Week”də (AFW) Orta Asiya, Yaxın Şərq, keçmiş MDB və digər ölkələrdən qonaqlar, dizaynerlər, jurnalistlər, blogerlər iştirak edəcək.
Dəb həftəsinin əsas mövzuları alovun, atəşpərəstliyin və zərdüştlüyün tarixi ilə bağlıdır.
Bu, həmçinin Azərbaycan dəyərlərini dünya səviyyəsində tanıtmağa istiqamətlənən bir addım kimi qiymətləndirilir.
Həftə çərçivəsində panel müzakirələr də təşkil olunacaq.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-05-2024, 09:02