Dünya liderləri İrana başsağlığı verib
Dünya liderləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.
Bu barədə Rəcəb Tayyib Ərdoğanın rəsmi "X" hesabında qeyd edilib.
"Helikopter qəzasında həlak olduğunu öyrəndiyimiz dəyərli həmkarım, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm. İranın xarici işlər naziri və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin. Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram. Biz Türkiyə olaraq, dəfələrlə etdiyimiz kimi, bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq",- paylaşımda vurğulanıb.
Çin Sədri Si Cinpin İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Rusiya Prezidenti Vladimir Putin Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, - Rusiya dövlət başçısı vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 20-05-2024, 12:06