Körfəz ölkələrindən gələn turistlərin sayı yenidən artıb
Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar qeydə alınıb. Bu ilin ilk 4 ayında ərəb ölkələrindən gələnlərin sayı 1.6 dəfə artasa da, Avropa İttifaqı və MDB dövlətləri üzrə artım sadəcə faizlə ifadə olunur. Belə ki, Avropadan gələnlərin sayı 35.6, keçmiş müttəfiqlərimizin coğrafıyasını təmsil edən turistlərin sayı isə 30.3 faiz artıb. Körfəz dövlətlərindən gələnlərinin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.
Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkədə çıxış edib.Bildirib ki, bütövlükdə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gələn tursitlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38.9 faiz artaraq 726.4 min nəfər çatıb. Gələnlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə artıb. Göründüyü kimi, gələn turistlərin sayındakı əsas artımlar yenə də Asiya ölkələrinin payına düşür.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 4 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-05-2024, 12:18