Azad olunmuş bu kəndlərdə evlərin təmirinə 3,4 milyon manat ayrılıb

Təmir işləri Xanoba kəndində ümumi sahəsi 4 375,8 kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini, Tağaverd kəndi üzrə isə ümumi sahəsi 5 049 kvadrat metr olan 30 ədəd fərdi yaşayış evlərini əhatə edəcək.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum Xanoba kəndində sözügedən işlərin icrasını “Capitel Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.
Tağaverd kəndində isə qeyd olunan işlərin icrası "Frekans Construction and Energy Company" MMC və “UĞUR Tikinti” MMC hüquqi şəxs yaratmadan birgə fəaliyyət göstərən müəssisələr birliyinə (konsorsium) həvalə edilib və müqavilə bağlanılıb. Müqaviləyə uyğun olaraq şirkətə 1 921 601 manat ödənilib.
Xanoba kəndi üzrə işlərin həvalə olunduğu “Capitel Group” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalı oğludur.
Tağaverd kəndi üzrə isə işlərin icrasını yerinə yetirəcək şirkət bu il dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur.
Qeyd edək ki, Xanoba və Tağaverd kəndləri Xocavənd rayonunun inzibati ərazisinə daxildir və uzun müddət 1990–cı illərin Qarabağ müharibəsi nəticəsində işğal altında olub. Sözügedən kəndlər 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən tam nəzarət bərpa edilmiş ərazilərdə yerləşirlər. (Trend)
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 11:39