mobil versiya

Sabirabadda Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub - YENİLƏNİB + FOTO/VİDEO



Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
01:29
Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Yanğınla mübarizə tədbirlərində Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.
01:02
Sabirabadda bazarda baş verən yanğın zamanı 2 nəfər yüngül xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, onlardan biri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Saatlı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1991-ci il təvəllüdlü Əzimov Elsevər İzahim oğludur. Digər şəxsin kimliyi araşdırılır.
Göz nahiyəsindən xəsarət alan hər iki şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
00:17
Sabirabadda yanğın baş verən bazar ərazisinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir.
Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
00:12
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub. 
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

23:54
Sabirabadda bazarda baş verən yanğın söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
“Report”un Aran bürosunun məlumatına görə, yanğının qarşısının alınmasına söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad və digər qonşu rayonlar üzrə yanğından mühafizə hissələrinə məxsus 10-dan çox yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, yanğın bazardakı kafelərin birindən başlayıb. Alovun əhatə dairəsi qısa müddətdə daha da genişlənib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.
22:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

MANŞET
Tarix: 23-10-2022, 10:23