İlham Əliyevin “Oktyabr inqilabı” - zərgər dəqiqliyi və qan-qadasız...
Prezident ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir; İlham Əliyev kadr siyasətində meyarını açıqladı: xarici təsirdən azad, vətənpərvər kadrlar!
Müstəqil Azərbaycanın tarixində elə aylar var ki, o təqvimdə baş verənlər birdəfəlik yaddaşlara yazılır. Heç şübhəsiz ki, 2019-cu ilin oktyabr ayı məhz tarixdə hakimiyyətdə baş verən ciddi dəyişikliklər ayı kimi yadda qalacaq. Üstəlik, hakimiyyətdə dəyişikliklərin miqyası o qədər əhatəlidir ki, bunlara hazırlaşmaq özü kifayət qədər zaman tələb edir. Yəni indi az qala hər gün izlədiyimiz struktur və kadr dəyişiklikləri spontan deyil, hətta zamanında ayarlanmış bir prosesdir.Əlbəttə ki, bunların heç birinin - az qala bütün “köklü ağacları” silkələyən kadr dəyişikliyinin hətta ən müxtəlif məmur təbəqəsinə bağlı elektron mediaya belə sızmaması özü də prosesin necə zərgər dəqiqliyi ilə hazırlandığını göstərir. Hələ şok dəyişikliklərin anonsu sayılan son müşavirədən sonra “Yeni Müsavat” ehtimal kimi yazmışdı ki, prezident İlham Əliyev yeni Azərbaycan modeli və idarəetməsi yaradır. Prezident özü başladığı prosesin anonsunu vermişdi-gənc kadrlar, yenilənmələr, islahatlar...
Məhz həmin müşavirədə prezident ilk dəfə iqtidarda islahatlara qarşı olanların olduğunu demişdi. Dəyişikliklərin miqyası artıq elan olunduqca aydın olur ki, söhbət yalnız bir-iki köhnə idarəetmə tərəfdarı olan məmurdan getmirmiş, bu yenilənmə prinsipcə iqtidardakı böyük əksəriyyətə təsir etdiyindən, islahatlara, necə deyərlər, “müqavimət voltu” kifayət qədər yüksək imiş. Milli Şuranın 19 oktyabr aksiyası da daxil, bu “müqavimətçilər” əlbəttə ki, heç nə edə bilməyəcəkdir. Prezidentin bu barədə müşavirədə açıq danışması həm də o demək idi ki, həmin adamlar müəyyən edilib, hərəkətləri nəzarətdədir və islahatlar kursundan vaz keçilməyəcək.
İlham Əliyevin kadr dəyişikliyində seçdiyi incə taktika dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir... |
İndi sosial media yola saldığımız 23 oktyabr gününü hələ ki son dəyişikliyi - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təqaüdə göndərilməsindən sonra bu islahatları İlham Əliyevin “Oktyabr inqilabı” kimi də qiymətləndirir. İlham Əliyev üçün isə öncə başqa qiymətləndirmə var və cəmiyyət onu da gördü...
Prezident yola salınan qos-qoca məmurları qəbul etdi, dinlədi, xidmətlərini böyük minnətdarlıq hissi ilə sadaladı. Böyük dövlət idarəetməsi təcrübəsi olan Ramiz Mehdiyev isə “Heydər Əliyev Ordeni”nə təqdim edildi. Prezident R.Mehdiyevin Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi barədə fərman imzaladı.
Həmçinin Ramiz Mehdiyev 23 oktyabrda AMEA-nın sədri seçildi. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.
APA-nın xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Bunlar, əlbəttə ki, R.Mehdiyevin xidmətinə verilən daha bir yüksək qiymətdir.
İlham Əliyevin kadr dəyişiklliyində seçdiyi incə taktika da bəyənilməyə layiqdir. Yaş həddi keçən məmurlara “mən sizi işdən azad etmirəm, istəyən özü getsin” mesajı verdi. Təqaüdə göndərilənlər-öz ifadələri ilə desək, Heydər Əliyevçilərdir və yaşlarının həm də çox həssas çağıdır. İlham Əliyevin bu çağırışı çox incə gediş hesab oluna bilər ki, bu da dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir.
Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycan üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb... |
Bu sadaladıqlarımızdan sonuncudan başlamaq lazım gəlir. Çünki prezidentin iradəsi, qətiyyəti olmadan bu qədər ciddi kadr və struktur islahatlarına başlamaq mümkün olmazdı. İkincisi, ötən yazılarımızın birində də qeyd etmişdik ki, İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Prezidentin arzuladığı Azərbaycan modelini isə artıq yaşı ötmüş məmurlar, eləcə də köhnə strukturlarla qurmaq problemli, hətta mümkünsüzdür. Oktyabrın 23-də prezident İqtisadiyyat Nazirliyinə bir neçə qurumu birləşdirməklə supernazirlik yaratdı, dövlətin çox mühüm bir qolunu gücləndirdi. Prezidentin qeyri-neft sektorunu inkişaf etdirmək, dünya iqtisadiyyatı ilə çulğaşmaq, dövlətlərarası iqtisadi əlaqələrin qurulması, transmilli şirkətlərlə münasibətlər sahəsində həyata keçirdiyi mühüm islahatların əsas ağırlığı İqtisadiyyat Nazirliyinin üzərinə qoyulub. İndi vergilər və əmlak sahəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu sahəyə verilən ciddi önəmi göstərir. Bu, Mikayıl Cabbarovun vəzifə yüksəlişindən daha çox onun üzərinə qoyulmuş ağır məsuliyyətdir ki, bunu hamıdan yaxşı indi yeni “supernazirin” özü bilir.
Yeni struktur dəyişiklikləri, kadrların yerləşdirilməsi, önə çəkilməsi davam edəcək. Dövlət başçısı Mikayıl Cabbarovla görüşdə də kifayət qədər sərt ritorikası ilə seçilib, kadr dəyişikliklərinin davamlı olacağını deyib. Amma o bəyanatlarda daha bir aşkar kurs var: xarici təsirdən azad, vətənpərvər kadrlar!
Bu prosesin əsas qəhrəmanı İlham Əliyevdir. Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycanı üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb. Bu anlamda “Oktyabr inqilabı” qiymətləndirməsi ilə razılaşmaq olar. Üstəlik, İlham Əliyevin rəhbərlik etdiyi bu proses xəta-bəlasız davam edir. Bundan isə uduzan olmayacaq, qazanan isə Azərbaycandır...//YENİ MÜSAVAT
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 24-10-2019, 09:22