mobil versiya

İlham Əliyev yeni Azərbaycan modeli qurur - Prezident kimlərə nə mesajlar verdi?



Qeyri-real rəqəmlərdən ibarət, pafoslu və tərifli müşavirə çıxışları artıq keçmişdə qalıb; ölkə başçısı üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir və...

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş tərkibli müşavirələrinin bir neçə istiqamətdə təhlil edilməsi ənənəsi var. Çünki geniş tərkibli müşavirədə çoxistiqamətli məsələlərin müzakirəsi bunu zəruri edir. Amma son aylar prezident bu müşavirələrin formatını dəyişib. Dövlət başçısı şərti olaraq “iqtisadi komanda” adlandırılan hökumət üzvləri ilə bir araya gəlir ki, bu da müşavirəyə konkretlik verir.

Bu format bəzən mediada “niyə” sualları doğursa da, prezident Əliyevin ölkənin əsas “yükünü” iqtisadi komandanın üzərinə qoyduğunu nəzərə aldıqda, bu format əlbəttə ki, təəccüblü deyil, əksinə, qanunauyğundur.

İlham Əliyevin bu formatda incə mesajını anlamaq da çətin deyil. Azərbaycan ictimai-siyasi sahədə qeyri-sabitlik dövrünü - hansı ki, müşavirələrdə daha çox siyasi müzakirələrə vaxt ayrılırdı - birdəfəlik qapayıb. Artıq çoxdan iqtisadi inkişafın üzərinə köklənmiş komanda idarəetməsinə və geniş anlamda yeni ölkə modelinə keçib.

Müşavirədə prezidentin dünya iqtisadi institutları tərəfindən Azərbaycana verilən qiymətləndirmə və təyinatları haqda geniş danışması da yeni modelin artıq işlədiyini göstərir. Qeyri-real rəqəmlərdən ibarət, pafoslu və tərifli müşavirə çıxışları keçmişdə qalıb.

Aydın görünməkdədir ki, prezident İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Seçdiyimiz sitatlara diqqət edək: ““Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir.

Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyllilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik.


Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci, MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”.

İqtisadi inkişafla bağlı Azərbaycana qiymət verən prezidentin adını sadaladıqları bütün təşkilatlar məhz dünya üzrə nüfuzlu “imicmeykerlər” hesab olunurlar. Bu səbəbdən müşavirədə deyilən digər fikirlər, o cümlədən də bəzi hökumət üzvlərinə təpkilər həm də Azərbaycanın imicinin qorunmasına yönəlik çağırışlar kimi qiymətləndirilməlidir.          

Prezidentin müşavirədə “köhnələrin” “yenilərlə” mübarizəsi haqda dediyi sərt fikirlər yeni idarəetməyə müqavimət göstərənlərin olduğunun təsdiqidir. Bunu neçə vaxtdır media ən uyğun dildə yazır, amma indi bunu ölkənin iderəetmə sükanı arxasındakı birinci şəxs, bütün islahatların əsas müəllifi olan prezident  İlham Əliyev deyir. Yeniliyə qarşı həmişə çıxanlar olur və bu, bir inkişafın qanunauyğunluğudur.

Dövlət idarəetməsi isə nisbətən fərqlidir və prezident bunun hamıdan daha yaxşı bilir və qiymətləndirir. İlham Əliyev bu inkişafın əleyhinə olanlarla mübarizədən yenə çəkinmir, ədalətli və qətiyyətli lider kimi tərəfini də seçdiyini göstərir - yeniliyi, gənc və dünya görüşlü kadrların yanında olduğunu bəyan edir.

Diqqət edək: “Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda... Bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir.


Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.


İlham Əliyev komandası haqda həmişə sayğılı danışır və bəzi MDB prezidentləri kimi, onları iclaslarda acılamır (Məsələn, Belarus rəhbəri bir müddət əvvəl nazirlərinə “alkaş” demişdi). Amma son 16 illik müşahidə və faktlar həm də onu göstərir ki, prezident hakimiyyətə zərbə vuranlara, Azərbaycandakı stabilliyə və islahatlara qarşı olanlara münasibətdə əslində, digər həmkarlarından da sərt və güzəştsizdir.

Onun son müşavirədə islahatlara və yeniliklərə qarşı olanlara xəbərdarlığını, eləcə də korrupsiyanın səviyyəsindən danışarkən də sərt ifadələr seçməsini ekspertlər artıq komandada yeni bir dəyişiklik siqnalı, hətta mümkün həbslərin anonsu kimi izah ediblər.

Müşavirədə daha bir diqqətçəkən məqam komandadan uzaqlaşdırlan “köklü” sabiq nazirlərin niyə vəzifələrindən çıxarıldıqlarının xatırlanmasıdır. Doğrudur, dövlət başçısı yenə konkret ad çəkmədi, ancaq vergi və gömrükdən daxilolmaların dəfələrlə artmasını, sosial sahədə ciddi dəyişikliklərin olduğunu dedikdə, zənnimizcə,  hərə “öz payını” götürdü. Bu ola bilsin, tamaşaçı üçün adi ifadələr kimi görünsün.

Amma təhlilçilər üçün bu fikirlərə izahat vermək çətin deyil. Prezident bəzi rəhbər şəxsləri vəzifədən uzaqlaşdıranda onlar və ətrafı dərhal hansısa xidmətlərini xatırladır, iqtidardan hətta incik düşür, əleyhinə gizli kampaniya aparırlar.( YAP-çı funksioner Siyavuş Novruzovun bu yaxınlarda hakimiyyətə qarşı olan bəzi sabiq nazirlər haqda dediklərini xatırlamaq kifayətdir).

İlham Əliyev “sabiqlər mövzusuna” bir daha qayıdaraq son aylar həm vergidən, həm gömrükdən büdcəyə daxilolmaların artığını deyib. Sosial müdafiə sahəsində ciddi pozuntular olduğunu xatırladaraq, yeni nazir Sahil Babayevin bunları üzə çıxardığını və çox ciddi islahatlar aparıldığını söyləyib. Bu, həm də sabiqlərə və ətrafına “eybinizə baxın və utanın” deməkdir...

Dövlət başçısının büdcə sümürgənləri - şişirdilmiş rəqəmlərlə müxtəlif layihələrlə büdcədən artıq pul almaq istəyənlərin qarşısının da qətiyyətlə alınacağını bildirib. Bu istisnasız olaraq bütün büdcə təşkilatlarına vicdanlı olmaq çağırışıdır. Təsadüfi deyil ki, dövlət başçısı xalq dilində desək, “büdcə talançılarından” danışarkən daha bir hədəfi də “vurub”.

Dövlət  başçısı deyib ki, büdcəyə daxilolmalar həm də o səbəbdən mühümdür ki, bu vəsait ordumuzun da hərbi qüdrətinə yönəldilir. Bu o deməkdir ki, büdcəyə uzanan “qara əllər” Azərbaycanın müdafiə qabiliyyətini zəiflədir və onlarla mübarizə ən sərt üsullarla aparılacaq.

“Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” deyə, dövlət başçısı bildirib.

Zənnimizcə, müşavirə haqda yazıya bu sözlərdən uğurlu sonluq ola bilməz... “Yeni Müsavat”  
MANŞET / KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 17-10-2019, 15:00