mobil versiya

Xırdalanda dəhşətli qətl: Qardaş qəbiristanlıqda bacısının başını kəsdi – FOTO - TƏFƏRRÜAT



Abşeron rayonunda qardaşın bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, bir neçə il bundan əvvəl 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanın anası və bacısı Yasamal rayon ərazisində yaşadığı mənzildə intihar edib.

O qeyd edib ki, həmin hadisədən sonra A.Fərzalıyeva uşaq sığnacağına yerləşdirilib:

“Həmin vaxt Aytənin 15 yaşı vardı. Onun anası ilə bacısı atasının təziqlərinə dözməyərək yaşadığı mənzildən özlərini ataraq intihar edib. Atas da bu işə görə həbs edilib. Biz bir dəfə Aytəni onun anası ilə bacısının qəbri üstünə aparmışdıq. Sonra Aytən bir nəfərlə  qeyri-rəsmi nikahda yaşayırdı, ondan da uşaq dünyaya gətirdi. Qızın qardaşı hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başladı. Bu barədə Aytənin özü mənə demişdi ki, qardaşı ilə ev məsələlərini həll etmək istəyir. Mən də dedim ki, “gəl, sən əvvəl öz sənədlərini düzəltdir”. Çünki onun ancaq doğum haqqında şəhadətnaməsi vardı. Uşağı dünyaya gələndən sonra hələ də sənəd ala bilməmişdi”.

K.Ağazadə söyləyib ki, A.Fərzalıyeva dünən qardaşı Babək Fərzalıyevlə görüşüb:

“Mən bildiyim qədəri ilə qardaşı onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb. Sonra da qızı öldürüb. Onların görüşü barədə mənə məlumatı dünən gecə Aytənin qayınanası dedi. Yenə də səbəb olacaq ki, guya qardaş bacısını namus üstündə öldürüb. Onlar hansı namus, hansı qeyrətdən danışırlar? Aytən balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub. Onların evlərində həmişə qalmaqal, şiddət olurdu. Belə də qisas olar? Qardaş onu aldadaraq aparıb öldürüb. Mənə elə gəlir ki, bu işdə onun atasının da əli var”.
Qeyd edək ki, rəsmi məlumata əsasən, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı boğazını kəsərək öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin B.Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-11-2019, 13:15