Oyaq olarkən beyin yuxulayır
Alimlər oyaq olduğumuz zaman beynin bəzi hissələrinin çox qısa müddətə yuxuya getdiyini, eyni nahiyələrin yatarkən qısa müddət ərzində aktivləşdiyini müəyyən ediblər.
Beynin yuxuda və ya oyaq vəziyyətdə olması orqanın ümumi vəziyyətinə görə müəyyən edilir. Ayrı-ayrı neyronları tədqiq etmədən alimlər beyindəki dalğalara əsaslanaraq beynin oyaq olub-olmadığını müəyyənləşdiriblər. Lakin yeni araşdırmalar göstərir ki, beynin bəzi hüceyrələri digərlərindən fərqli ola bilər. “Nature Neuroscience” jurnalında dərc edilən araşdırmada siçanların beyinləri tədqiq olunub.
Alimlər orqanın 10 müxtəlif yerinə nazik elektrodlar yerləşdirərək beyin dalğalarının gərginliyini qeydə alıblar. Daha sonra onlar bir neçə ay ərzində bu şəkildə toplanmış məlumatları yuxu ilə oyaq olmağı ayırd etməyi öyrənən süni neyron şəbəkəsinə köçürüblər. Onlar qeyd ediblər ki, model beynin bir sahəsinin bir neçə millisaniyə ərzində oyandığını, beynin qalan hissəsinin isə yatdığını göstərir. Beyin oyaq olanda belə, eyni bölgə bir neçə millisaniyəlik yuxuda olub.
Tədqiqatın müəlliflərindən biri Aidan Şnayder (Schneider) bildirib: “Biz bu neyronların hərəkətlərinə ayrı-ayrı zaman dövrlərində baxa bildik və neyronların fərqli bir vəziyyətə gəldiyini gördük. Bəzi hallarda, bu hərəkətlər bir beyin sahəsi ilə məhdudlaşa bilər”.
Bu qısa dalğalanmaların siçanlarda fərq yaradıb-yaratmadığına baxan tədqiqatçılar bir neçə millisaniyəlik yuxu zamanı heyvanın bir anlıq hərəkətini dayandırdığını müşahidə ediblər.
Araşdırmanın başqa bir müəllifi David Haussler nəticələri belə qiymətləndirib: “Biz oyaq olarkən beynimizin müxtəlif hissələrinin əslində azca yuxuya getdiyini görəndə təəccübləndik. Tədqiqatçılar deyirlər ki, yuxu və oyaq olmaq haqqında daha aydın təsəvvür əldə etmək müxtəlif vəziyyətlərin müalicəsində kömək edə bilər. Nəticələr nevroloji inkişaf xəstəliklərinin, eləcə də yuxu problemlərinin həllinə kömək edə bilər. Lakin bu nəticələrin insanlar üçün də keçərli olub-olmadığı hələ məlum deyil”.
Araşdırmanın həmmüəllifi Keith Hengen vuğulayıb: “Yuxu və oyaq olmağın nə olduğunu əsaslı şəkildə başa düşsək, əlaqəli xəstəlik problemlərini bir o qədər yaxşı həll edə bilərik”. (azərtac)
MARAQLI / KARUSEL
Tarix: 1-08-2024, 09:02