mobil versiya

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər



Novruz süfrəsini bol çeşidli yemək və şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də bayram günlərində qidalanmaya xüsusi diqqət yetirilməlidir. Çünki bu zaman qidalanmada yol verdiyimiz yanlışlıqlar ciddi fəsadlara səbəb ola bilər.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Bayram günlərində ilk növbədə optimal qidalanma rejiminə əməl etmək lazımdır. Yeməklərin və digər qidaların balanslaşdırılması da diqqətdə saxlanılmalıdır. Qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi də vacib şərtdir, çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər.
Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır.
Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır. Həmçinin zəif həzm olunan lobya və karbohidratlarla zəngin kartof əlavə edilmiş yeməkləri, çörəyi, xəmir məhsullarını və digər qidaları ayrıca istehlak etmək lazımdır. Eləcə də bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin.
Bayram günlərində yeməklərlə salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Ev şəraitində hazırlanmış mayonezdən də istifadə oluna bilər. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil isə onların düzgün şəraitdə saxlanmasıdır.
Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ, karbohidrat-şəkərə görə yüksək kaloriyə malikdir. Unutmaq lazım deyil ki, həmin şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Bu da artıq çəkinin yaranmasına və piylənməyə gətirib çıxarır. Belə ki, qlükoza qan dövranına daxil olur və insulinin təsiri ilə qlikogen əmələ gətirir. Bu da sonradan qaraciyərdə və digər depolarda yağ formasında toplanır.
Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir, çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır.
Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Xüsusilə də su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Suyun mütəmadi qəbulu lazım olandan artıq yeməyin qarşısını alır. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək isə məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur.
Bayram günlərində düzgün və balanslı səhər yeməyi də sağlam qidalanmanın əsas amillərindəndir. Faydalı səhər yeməyi bədənə gümrahlıq verir, həzm sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir, insanı tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır.
Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 19-03-2024, 13:19