mobil versiya

Psixi sağlamlıq üzrə Milli Strategiya hazırlanacaq


Ombudsman Aparatının əməkdaşları tərəfindən psixiatriya müəssisələrinə mütəmadi ziyarətlər keçirilmiş, pasiyentlərin hüquqlarının təminatı vəziyyəti, saxlanma şəraiti və digər məsələlər yerində araşdırılmışdır. Səhiyyə Nazirliyi olaraq Ombudsman Aparatı ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir və icrası qısa zamanda mümkün olan tövsiyələr dərhal yerinə yetirilir.
Bu barədə səhiyyə naziri Teymur Musayev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
"Səhiyyə Nazirliyi tərəfindən Respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılmış, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilmişdir. Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb.
Tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir", - deyə nazir əlavə edib.


SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-04-2024, 12:14