mobil versiya

Səudiyyə Ərəbistanı Azərbaycanla sıx əlaqələrə malikdir


 

Səudiyyə Ərəbistanının milli bayramı - Krallığın elan olunmasıyla əlaqədar  Krallığının ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr deyib ki, Krallıq Azərbaycanla sıx əlaqələrə malikdir və gələcəkdə də əməkdaşlığı inkişaf etdirmək kursuna sadiq qalacaq. Ölkəsinin sürətli inkişafından, tikinti-quruculuq proseslərindən söz açan səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı çox sürətli inkişaf yolu keçib.

Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayan səfir bildirib ki, bu gün ölkələrimiz arasındakı hərtərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. O qeyd edib ki, bu günədək iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb. Hər iki ölkə “OPEC+” platforması vasitəsilə əməkdaşlıq edir.

Azərbaycan hökuməti tərəfindən Səudiyyə Ərəbistanı xalqını təbrik edən maliyyə naziri Samir Şərifov bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir: “Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğalçı Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu mövqeyini yüksək qiymətləndirir".

Reportyor.az

 


SİYASƏT
Tarix: 21-09-2022, 20:39