Bakı polisindən sosial şəbəkələrlə bağlı MÜRACİƏT
“Vətəndaş mənunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur.
Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir”.
Bu barədə Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların müraciət etməsi üçün 102 Xidməti - Zəng Mərkəzi daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən geniş imkanlar yaradılıb.
“Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir.
Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır.
Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.
Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir. Cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir.
Polis haqqında ictimai fikirə yönəldilən böhtan və yalanlar polisi fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.
Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır.
Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq vətəndaş maraqlarının keşiyindədir.
Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var.
Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər.
Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir”, - deyə Elşad Hacıyev bildirib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-01-2020, 14:20