Azərbaycanda daha iki imtahan koronavirusa görə təxirə salındı
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün martın 15 və 29-da keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb.
Bu barədə REPORTYOR.AZ-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.
11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq.
Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.
“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.
Qeyd edək ki, martın 15-də Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulmuşdu.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-03-2020, 12:21