mobil versiya

304 min muzdlu işçi, 290 min fərdi sahibkar dövlətdən ciddi dəstək alacaq - nazir açıqladı




Azərbaycanda Koronavirusdan zərərçəkənlərə yardım üçün 9 proqram hazırdır; Mikayıl Cabbarov 4 proqramın əhatə dairəsini açıqladı; əhalinin başqa gözləntiləri də var
 
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı yaranmış böhrandan zərər görən sahələrə göstəriləcək dövlət dəstəyi mexanizmləri barədə mühüm məlumatlar açıqlanıb.

Musavat.com xəbər verir ki, dövlətin yardım üçün hazırladığı proqramlar barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişində məlumat verib.

Onun sözlərinə görə, indiyədək 9 proqram üzərində işlər başa çatdırılıb. Nazir bu proqramlardan 4-nün əhatə dairəsi barədə məlumat açıqlayıb. Bildirib ki, ilk növbədə pandemiya ilə bağlı böhrandan zərər çəkən sahələr və zərərin dərəcəsi müəyyənləşdirilib: “Proqramlar hazırlanarkən biz ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini həyata keçirmişik. Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Ən çox zərər çəkmiş sahələr, əhəmiyyətli mənfi təsirə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış sahələr və təsirə məruz qalmamış sahələr müəyyən edilib”.

M.Cabbarovun sözlərinə görə, dövlət dəstəyini əhatə edən birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edəcək: “Proqramın əsas məntiqi fəlsəfəsi həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardımın göstərilməsidir. Burada işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Yanvar ayının nəticələrinə görə, orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır”.
Nazir qeyd edib ki, son günlər baş verən proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib: "Bunlar ictimai iaşə, xidmət, turizm, hotelçilik və s. sektorlardır. Onların muzdlu işçilərinin əmək haqqının 100 faizi dövlət tərəfindən sahibkarlara təqdim ediləcək: “Digər 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalır. Burada biz 70 faiz əmsalını tətbiq edirik. Yəni, təsir aşağıdır, amma əhəmiyyətlidir”.
M.Cabbarov bildirib ki, virus pandemiyası ilə bağlı rabitə, maliyyə, bank, sığorta sahələri təsirə məruz qalmayıblar. Bu sahələrdə əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından yüksəkdir.

Hökumətin hazırladığı ikinci proqram 290 min fərdi sahibkarı əhatə edir. Söhbət 10 işçidən az işçisi olan, yaxud özü fərdi sahibkar kimi fəaliyyət göstərən mikrosahibkarlardan gedir: “Bir qayda olaraq mikrosahibkarların maliyyə yastığı dardır. Prinsip etibarı ilə dövlət tərəfindən tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər ilk növbədə zərbəni bu sektora endirib. Bu sektoru qoruyub saxlamaq üçün dəstəyə ehtiyac var. Biz burada baza kimi həmin mikrosahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad edirik. Ödənişlərin, birbaşa yardımların edilməsində həmin bazaya əsaslanırıq".

3-cü proqram vergi güzəştləri, tətilləri və imtiyazlarını nəzərdə tutulur: “Burada yenə də mənfi təsirə məruz qalan, eləcə də qalmayan sahələrlə bağlı tədbirlər nəzərdə tutulur. Yaxın günlərdə biz onların mahiyyətini açıqlayacağıq. Burada da məntiq ondan ibarətdir ki, ən çox təsirə məruz qalan sahibkarları və sahələri qoruyaq”.

Hökumətin daha bir proqramı ipoteka kreditlərinə dəstəyi nəzərdə tutur: “Bildiyiniz kimi, burada İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Cənab Prezidentin sərəncamında da qarşımıza qoyulan vəzifə yalnız qısamüddətli təsirlərin qiymətləndirilməsi, qısamüddətli dövr üçün tədbirlərin müəyyənləşdirilməsi deyil, həmçinin ortamüddətli dövr üçün ölkənin yeni iqtisadi şəraiti ilə bağlı tədbirlərin hazırlanmasını nəzərdə tutur. Bu baxımdan, pandemiyadan sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürət yığması üçün aparıcı sektorlardan biri olacaq. Bu, bir neçə baxımdan belə qiymətləndirilir: həm əmək tutumlu olması, həm tikinti məhsullarının istehsalı sahəsinin inkişafı, həm də ümumiyyətlə, tikinti sektorunun miltipikativ effektinə görə”.

Göründüyü kimi, hökumətin hazırladığı proqramlar geniş olmaqla bərabər, bir neçə mühüm sahəni əhatə edəcək. Böhrandan zərərçəkən sahələrə yardımlar isə çoxistiqamətli olacaq.
SON XƏBƏR / BANNER / GÜNDƏM / İQTİSADİYYAT
Tarix: 30-03-2020, 23:57