Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqə elan olunub
“İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Odlar Yurdu - Azərbaycan” adlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-dən çox ukraynalı tələbənin iştirak etdiyi təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, müasir inkişaf modeli haqqında məlumatlar verilib, ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.
İctimai Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşdə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkərək, iki ölkənin bütün beynəlxalq platformalarda bir-birini dəstəklədiyini söyləyib. O, Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edərək, Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.
İki universitetin tələbələri arasında Azərbaycanla bağlı videomüsabiqə elan olunub. Ukrayna dilində ölkəmizlə bağlı çəkiləcək ən maraqlı videosüjetin müəlliflərinin Azərbaycana səfəri təşkil olunacaq.
Sonda Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Daria Likarçuka Azərbaycan-Ukrayna tarixi dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə fəxri diplom təqdim olunub.
KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 4-10-2019, 23:08