mobil versiya

Bakıda “Böyük Hindistan” sərgisi açılıb


Şərq Bazarında Hindistanın yüksək keyfiyyətli məhsul və xidmətlərinin, o cümlədən hədiyyələr və əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, hind yeməklərinin və s. nümayiş etdirildiyi “Böyük Hindistan” sərgisinin açılışı baş tutub. 
Reportyor.az xəbər verir ki, sərgini açan Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili  Vinay Kumar bildirib ki, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dost münasibətlər mövcuddur.
“COVID ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılmasından sonra işgüzar əlaqələrimizin səviyyəsi də güclü şəkildə artır. 2022-ci ilin yanvar-oktyabr aylarında ikitərəfli ticarət dövriyyəmiz ötən ilin eyni dövrü ilə müqayisədə 184,3% artaraq 1,767 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu dövrdə Hindistan İtaliya, Türkiyə və Rusiyadan sonra Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub”, - Vinay Kumar bildirib.
Müvəqqəti işlər vəkili, həmçinin qeyd edib ki, Azərbaycan Hava Yolları tərəfindən Bakı və Dehli, eləcə də Bakı və Mumbay arasında birbaşa reyslərin açılması insanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verib.
“Azərbaycan tədricən hindistanlı turistlər üçün əsas turizm məkanına çevrilir. Daha da çox hindistanlı turistin Azərbaycana gəlməsi ilə Hindistan hazırda Rusiya, Türkiyə və İrandan sonra Azərbaycan üçün dördüncü ən böyük turist mənbəyinə çevrilib”, - Vinay Kumar əlavə edib.
O qeyd edib ki, Azərbaycanla müxtəlif sektorlarda əməkdaşlıq üçün geniş imkanlar var, çünki Azərbaycan Hindistan məhsulları üçün yaxşı imkanlar təklif edir.
16-26 dekabr 2022-ci il tarixlərində 10 gün davam edəcək sərgi Azərbaycan xalqını müxtəlif Hindistan məhsulları ilə tanış edəcək və Hindistan iqtisadiyyatı və mədəniyyəti haqqında daha çox məlumat almaq üçün böyük imkanlar yaradacaq.

Sərgiyə giriş pulsuzdur.

Ziyarətçilər, həmçinin canlı mahnı və rəqs ifalarından həzz ala, eləcə də sərgi zalında xına (Mehndi) stendlərini ziyarət edə bilərlər.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-12-2022, 18:11