mobil versiya

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçiriləcək



Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

Toplantıda bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Ötən ilin oktyabrında Bolqarıstana qaz ixracına start verildi ki, bu da Cənub Qaz Dəhlizinin tam olaraq fəaliyyətə başlamasından xəbər verir. Dəhliz Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılacaq və Şərqi Avropa ölkələrinə paylanacaq.
İlkin olaraq Cənub Qaz Dəhlizi ilə 10 milyard kubmetr qaz ixracı planlaşdırılmışdı. Lakin Avropanın təbii qaza olan tələbatı dəhlizin genişləndirilməsi məsələsini aktuallaşdırdı.
Ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simson Bakıya səfər etdilər. Səfər çərçivəsində Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzaladılar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini meydana çıxarıb. Dəhlizin genişləndirilməsinin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz həm öz qazını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanır. Bunun üçün Trans-Xəzər kəmərinin də tikintisi zəruridir.
Türkmənistan 35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə tutulan təbii qazın həcmi isə təxminən 25 milyard kubmetrə yaxındır. Göstərilən həcmdə qaz Trans-Xəzər, TANAP və TAP kəmərləri ilə nəql olunarsa, Avropa enerji təhlükəsizliyi təminatını şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi də əldə etmiş olacaq. Avropa İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyir. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç bəyan edib ki, Trans-Xəzər kəməri Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də bu beynəlxalq layihənin reallaşmasına investisiya cəlb etməklə yardım göstərəcək.
Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında bu məsələlərin müzakirəsi gözlənilir. (Azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-01-2023, 10:26