mobil versiya

TAP kəmərinin genişləndirilmə qiyməti açıqlanıb


Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin iki dəfə artırılmasına bir milyard avrodan çox vəsait tələb oluna bilər. “APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, qaz kəmərinin gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırmaq üçün 1 035 mln avro tələb olunacaq.
Konsorsiumdan təqdim olunmuş materiallarda qaz kəmərinin 4 genişləndirilmə mərhələsi göstərilib.
TAP qaz kəmərinin genişləndirilmə mərhələləri:
Kəmərin gücü (mlrd. kumbetr)Təxmin edilən genişləndirmə xərcləri (mln. avro)
10,0-
11,8180
14,4505
16,4705
20,01 035
Məlumata əsasən, kəməri mövcud konfiqurasiyadan (illik 10 milyard kubmetr) yuxarıda göstərilən hər bir həcmədək genişləndirmək üçün minimum 3 illik icra müddəti nəzərə alınmalıdır. Bəzi qurğuların (misal üçün, kompressorların) əvvəlcədən sifariş edildiyi təqdirdə tətbiq müddəti minimum 2 ilədək azaldıla bilər.
Qeyd edək ki, göstərilən qabiliyyətlər boru kəməri boyunca aralıq əlaqə (qoşulma) nöqtələrini nəzərdə tutmur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Emil İsmayılov /APA/
DÜNYA / İQTİSADİYYAT
Tarix: 29-08-2019, 11:34