mobil versiya

Şimali Makedoniya TAP-a qoşula bilər


Şimali Makedoniya TAP-a qoşula bilər

Şimali Makedoniyanın tezliklə Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşula bilər.

“Report”un Şimali Makedoniya mətbuatına istinadən verdiyi məlumata görə, belə ki, Yunanıstanın son enerji sazişini mayın əvvəlində bu dəfə qonşu Şimali Makedoniya ilə bağlayacağı gözlənilir.

Məlumata görə, Şimali Makedoniya Baş naziri Zoran Zaevin iki ölkənin qaz şəbəkələrini birləşdirən interkonnektorun inşası layihəsinin yaradılmasını təşviq edəcək müvafiq müqaviləni imzalamaq üçün may ayının ilk yarısında Yunanıstanın paytaxtı Afinaya səfər edəcəyi planlaşdırılır.

Bildirilir ki, mart ayında Şimali Makedoniyanın maliyyə naziri uzun illər davam edən danışıqlardan sonra Afinada razılaşdırılmış müqavilənin son mətnini təsdiqləyib.

Yeni boru kəmərinin ümumi uzunluğu 160 km olacaq ki, bunun da 50 km-i Yunanıstan ərazisinə aiddir. Boru kəməri Selanikdəki Nea Mesimvriya bölgəsindən başlayacaq və Şimali Makedoniyadan 110 km məsafədə yerləşən Ştipdə bitəcək. Evzoni (Gevgelia) sərhədinə yaxın klapan stansiyasından birləşdirən boru kəməri Mərkəzi Asiyadan qazı Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyanın cənubuna aparan yeni tamamlanan Trans-Adriatik Boru Kəməri ilə birləşdiriləcək.

Xatırladaq ki, Yunanıstan ilə Şimali Makedoniya arasında 2016-cı ildə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulduğu kimi, boru kəmərinin Yunanıstan hissəsi Yunanıstan Milii Qaz ötürücü sistemi operatoru (DESFA) tərəfindən, qalan hissəsi isə Şimali Makedoniyanın Enerji Resursları Milli Şirkəti (NER) tərəfindən həyata keçiriləcək. Yunanistan və Şimali Makedoniya arasında enerji razılaşması regional enerji infrastrukturunun yenilənməsi, Mərkəzi və Cənubi Şərqi Avropa enerji bağlantısı təşəbbüsünün (CESEC) həyata keçirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.


SON XƏBƏR / KARUSEL
Tarix: 30-04-2021, 11:00