Mayın 19-na keçən gecə Kiyevə İran dronları ilə hücum edilib
Ukraynanın paytaxtı Kiyev mayın 19-na keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko tərəfindən yayılan məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 10-cu hava hücumudur.
"Mayın 19-da Kiyevin gecə hücumu zamanı rus işğalçıları “Şahed” tipli kamikadze PUA-lardan istifadə edib, Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib”, - deyə S.Popko bildirib.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda isə qeyd olunur ki, mayın 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə 22 “Şahed” dronu və 6 “Kalibr” qanadlı raketi ilə hücum edib. Düşmənin 3 raketi və 16 kamikadze dronu vurulub.
Məlumata əsasən, Rusiya Ukraynaya raket hücumlarının taktikasını dəyişməyib. Əsas hədəflər hərbi, infrastruktur obyektləri, müdafiə müəssisələri və hərbi texnikadır.
KARUSEL / DÜNYA
Tarix: 19-05-2023, 10:53