AQTA işğaldan azad edilmiş ərazilərdə növbəti monitorinqlərə başlayıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqləri davam etdirir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, bu gündən işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərə start verilib. Monitorinqlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir. Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq.
Monitorinqlərdə AQTA-nın, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin mütəxəssisləri iştirak edir.
Avqustun 11-də başa çatacaq monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda götürülmüş, nümunələr müvafiq müayinələrin aparılması məqsədilə AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.
Qeyd edək ki, 14-18 avqust tarixlərində Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, 21-25 avqust tarixlərində isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Bu monitorinqlərin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılması planlaşdırılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2023, 16:27