mobil versiya

BƏƏ iqlim dəyişikliyi ilə mübarizə layihələrini maliyyələşdirmək üçün yeni fond yaradır


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə yönəlmiş, 30 milyard dollarlıq yeni investisiya fondu yaradacaq.
Bunu BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.
O, "Alterra" adlı fondun 2030-cu ilədək ümumilikdə 250 milyard dollar dəyərində investisiyalar təşviq edəcəyinə ümid etdiyini bildirib.
"Qlobal iqlim həlləri üçün 30 milyard dolalrlıq fondun yaradılacağını bəyan etməkdən məmnunluq duyuram", - Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan deyib.
COP28 prezidenti, eyni zamanda BƏƏ-nin "ADNOC" milli neft şirkətinin rəhbəri olan Sultan Əl Cabir yeni fondun idarə heyətinə sədrlik edəcək.
BƏƏ prezidenti fondun Qlobal Cənub ölkələri üçün maliyyə imkanlarına çıxış imkanının yaxşılaşdırılmasına xüsusi diqqət yetirməklə, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin daha ədalətli sisteminin yaradılması üzrə beynəlxalq səyləri təşviq edəcəyini qeyd edib.
Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib.(trend)

KARUSEL / DÜNYA
Tarix: 1-12-2023, 17:10