mobil versiya

ABŞ husilərə müharibə elan etdi, 8 ölkə koalisiya yaratdı – Yaxın Şərqdə yeni müharibə


ABŞ Yəməndəki “Hüsi” qruplaşmasına faktiki müharibə elan edib.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, Pentaqonun rəhbəri Lloid Ostin bəyan edib ki, Qırmızı dənizdə ticari gəmilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Rifahın mühafizəsi" əməliyyatına başlanıb. ABŞ-la birgə Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya bu əməliyyatda hərbi koalisiya qismində iştirak edəcəklər.
Buna səbəb Qırmızı dənizdə hüsilərdən gələn təhlükə nəticəsində iki gün ərzində 60%-ə yaxın beynəlxalq daşıyıcıların Qırmızı dənizdən keçən nəqliyyat dəhlizində artan risk səbəbindən Afrikanın cənubundan keçməklə yeni marşrutdan istifadə etmək qərarıdır. Bu zaman daşıma xərcləri artacaq, çünki gəmilər hava şəraitindən asılı olaraq əlavə 8-10 gün yolda olacaqlar.
"Associated Press" agentliyinin məlumatına görə, Qırmızı dənizdən dünya neft ticarətinin 10%-i həyata keçirilir və il ərzində bu yolla ticarət gəmiləri 1 trilyon dollar dəyərində mal daşıyır.
Xatırladaq ki, dünyanın ən iri konteynerdaşıyan şirkətinin gəmisi Qırmızı dənizdə hüsilər tərəfindən raket atəşinə tutulduqdan sonra Danimarkanın "Maersk", Almaniyanın "Hapag-Lloyd AG" daşımaçılıq şirkətləri Asiya və Avropa arasında ən qısa yol olan marşrutdan təhlükəsizlik məsələləri həlini tapmayana qədər istifadə etməyəcəyini elan edib.
Daha sonra Britaniyanın enerji nəhəngi BP də eyni addımı atdığını açıqlayıb. Şirkət bəyan edib ki, Qırmızı dənizdən keçən neft daşımaları və xidməti daşımalar dayandırılır. BP-nin bu addımı və Qırmızı dənizdən gələn gərgin xəbərlər London birjasında Brent markalı neftin qiymətini bu gün 75,9 dollardan 79,46-dək yüksəldib.
ABŞ-nin yaydığı məlumata görə, Qırmızı dənizdə hüsilər 14 ticarət gəmisinə qarşı silahlı hücuma cəhd ediblər.
Hüsilər hələ oktyabrda İsrail ərazisinə də raketlərlə hücum etməyə cəhd etmişdilər. Yaxın Şərqdə ilin sonuna doğru İsrail-Fələstin müharibəsinin sona yetməsinə ümid bəsləyən bazar iştirakçıları indi Yaxın Şərqdə yeni münaqişə ocağının yaranmasından narahatdırlar.

KARUSEL / DÜNYA
Tarix: 19-12-2023, 16:52