mobil versiya

O, niyə birinci bacısını qətlə yetirib? - Əhmədi qatilə çevirən anasının arzusu



Ömər Xəyyamın 3 gün əvvəl törədilən cinayət hadisəsi ilə bağlı “Əhməd haradadır?” adlı yazısını təqdim edirik.
Çikatilo vardı. Ukraynalı müəllim. Təxminən, 75 nəfəri öldürmüşdü. İlk qurbanı da bacısına oxşayan eynəkli qız olmuşdu. Qızın 8 yaşı varmış.
Çikatilo məhkəmədəki çıxışında demişdi ki, mənim heç bir günahım yoxdur, qatil sizsiniz, qatil sinif yoldaşlarım, qohumlarımdır, qatil vecsiz atamdır.
Məşhur filmdəki səhnəni xatırlayıram: “Əhmədin anası ölməyib a!..”
Həmin hadisədən sonra hamı günahsız körpənin nakam taleyinə ağladı, Əhmədin qəddarlığına heyrətləndi. Sonra məlum oldu ki, Əhməd əvvəl də cinayət hadisəsi törədibmiş. Ya vəlvələdən, ya zəlzələdən haman cinayət hadisəsinə görə cəzalandırılmamış, üstəlik, valideynləri onu Rusiyaya göndəribmiş.
Hadisə yerində ifadə verən qohumları isə Əhmədin psixoloji problemlərinin olduğunu, ailəsindən ayrı yaşadığını və taksi sürücüsü işlədiyini qeyd ediblər.
Situasiyadan asılı olaraq, kimisə bıçaqlamaq olar. Affekt halında olarsan, əsəbləşərsən, özünü cilovlaya bilməzsən… Kimsə səni təhqir edər, alçaldar, sən də hövsələdən çıxarsan, haman adamı öldürərsən.
Sonra da həbs olunarsan, cəzanı çəkib azadlığa qovuşarsan.
Ancaq bacısını, bacısının beş yaşlı körpəsini, valideynlərini, qardaşını öldürən adam, əlbəttə, dəlidir. Travması ya doğuşdandır, ya da sonradan qazanılmış.
Yüzlərlə qatil qisas zəmnində, münaqişə zəmnində ailə üzvlərini qətlə yetirib, fəqət statistikaya əsasən, demək olar ki, qətlə yetirilən ailə üzvləri, adətən, bir evdə yaşayanlar olub.
Hadisədə diqqətimi çəkən əsas detal qatilin əvvəlcə bacısını, bacısının beş yaşlı körpəsini öldürməyi, müəyyən müddətdən sonra öz evlərinə gəlməyi və valideynlərini, qardaşını qətlə yetirməyi oldu.Yolda sakitləşməyib, üstəlik, həyətdə gözləyib ki, anası işdən gəlsin. Əhməd evlərinə gələnəcən, həyətdə anasını gözlədiyi müddətdə xeyli adamla rastlaşıb, yenə sakitləşməyib.
İlkin faktları incələsək, qətlin məqsədli şəkildə baş verdiyini demək olar.
Ancaq Leonid Kanevskinin real faktlar əsasında obrazlaşdırdığı istintaq işlərinin çoxunda oxşar hadisələr var və mən o faktlara əsasən deyirəm ki, qatil məhz psixoloji problemli, hətta kobud desək, dəli olub.
Məqsədli qətl olsa idi, başqa cür olardı.
Ağlı başında olan qatil birinci bacısını, onun uşağını öldürməzdi ki, psixoloji-mənəvi təsirlənməsin. Beş yaşlı uşağı ödürəndən sonra təsirlənmirsə, yol gəlirsə, yol gəlib anasının işdən gəlməyini gözləyirsə, mütləq-əl-vacib o, dəlidir!
Bəs yaxşı, bu yeriyən tabut necə olub ki, paytaxtda – bizim qonşuluğumuzda yaşayır, bizimlə eyni marketdən bazarlıq edir, bizimlə eyni liftə minir, üstəlik, taksi sürücüsü işləyir… Mən qızımı, sən ananı ona etibar edirsən…
Bir tərəfdən də şübhələnirəm.
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Yaxşı, Əhmədə dəlilik diaqnozu qoyulubsa, təkbaşına ölkəni necə tərk edib? Niyə ruhi dispanserdə deyil? Niyə müalicə almırmış? Tutalım, valideyn məsuliyyətsizlik edib, bəs dispanserdəki həkimlər? Əhməd niyə ailəsindən ayrı yaşayırmış? Tutalım, valideyn məsuliyyətsizlik edib, onun üçün maşın alıb, bəs yaxşı, ağlı başında olmayan adama hansı ağılla sürücülük vəsiqəsi verilib?
Hə, bax, beləcə aydın olur ki, mənim qızımı, sənin ananı etibar etdiyin taksi sürücüsü kimi fəaliyyət göstərən Əhmədi özümüzün, uşaqlarımızın gələcəyini etibar etdiyimiz müəllim, məktəb direktoru olan anası “dəli” edib. Əlbəttə, valideynlər uşaqlarıyla necə rəftar edirlərsə, uşaqlar da oyuncaqlarıyla o cür rəftar edirlər.
Ola bilər ki, Əhmədin anası oğlunun dəliliyindən utanıb, rüşvətlə, “tapış”la məsələni həll edib. Daha doğrusu, özünün, ailəsinin faciəvi sonluğunu hazırlayıb.
Əhmədlər hər yerdədir - küçədə, məhəlləmizdə, işlədiyimiz yerlərdə… Şəxsiyyətin ikiləşməsi, komplusiv-absessiv pozuntu halı…
Sonra da haman Əhmədlər – bu yeriyən tabutlar onların dəliliyindən utanan valideynlərindən “qisas” alırlar – bir növ, onları udurlar, baltalayırlar.
Ənənəvi ailə institutunun boşluğuna yuvarlanan psixoloji problemli uşaqlar qatilə çevrilməmişdən əvvəl valideynləri tərəfindən öldürülürlər.
“Onların xoş günündə” əl qaldırmaq istəyən, “Nəvə-nəticə oynatmaq” istəyən valideynlər bir gün baltanın-bıçağın altında əllərini qaldırıb ölümə təslim olurlar, ölümlə əraf-əraf oynayırlar.
Tutalım, mənim qənaətim doğru deyil, Əhmədin heç psixoloji problemi də olmayıb, bəs yaxşı, dispenser onun haqqında arayışı hansı əsasla verib?
Suallar çoxdur. Tərs kimi, min sualın min cavabı var.
Həqiqət odur ki, bizim analarımız, bizim atalarımız bizə fərd kimi yox, mülk kimi baxırlar. Bizi nakam arzularının potensial gerçəkləşdiricisi kimi görürlər. Onlardan ötrü fərqi yoxdur, biz özümüz nə istəyirik, kim olmaq istəyirik… Onlardan ötrü fərqi yoxdur, onların yetişdiriyi “oyuncaq” cəmiyyət üçün təhlükəlidir, yoxsa yox… Yetər ki, vağzalı çalınsın, yetər ki, nəvə-nəticə görsünlər…
Əksəriyyəti üçün övladın ümdə vəzifəsi evlənmək, "ailə/uşaq sahibi" olmaq, xülasə, ömrün sonunacan ata-anaya xidmət etməkdir.
Bəli, valideynlər üçün övlad ikinəfərlik sərmayədir: qurban kəsir, qana buladığı şəhadət barmağını onun alnına – taleyinə sıxır, yaxud xınayla ovcuna ömrünün sərhədini çəkir, - beləcə onları öldürürlər. Uşaqlar ölür, əllər qalxır, dodaqlar "vağzalı" çalır.
“Əhməd”lərə görə utanmaq lazım deyil.
Övladınız xəstədirsə, onu həkimə aparın, lazımdırsa, ruhi dispanserə müraciət edin. Rüşvətlə, “tapış”la, diktəylə onları cəmiyyətə adaptasiya etməyə çalışmayın.
Bir insanın ölümü bəşəriyyətin ölümüdürsə, potensial qatillərin təcridi də onların potensialı qədər bəşəriyyətin xilasıdır. Motiv, səbəb hər nədirsə, ortada cinayət var, qatil var və ola bilər ki, bu qatil psixoloji-ruhi vəziyyətinə görə heç həbs də edilməyəcək, yaxud, tutalım, məlum olacaq ki, diaqnozu saxta imiş, onu həbs edəcəklər, fəqət indiki halda bu iki ehtimalın faydalı iş əmsalı sıfırdır.
Biz örnək götürməli, ailə institutunun prinsiplərinə əl gəzdirməli, genetik travmamızı müayinə-müalicə etməliyik.
Qayıdaq filmin adına: “Əhməd haradadır?”    (kulis.az)

KARUSEL / HADİSƏ
Tarix: 16-02-2024, 10:30