Azərbaycanın dəstəyi ilə Afrika ölkələrinin ticari və iqtisadi inteqrasiyasının sürətləndirilməsi üçün təlim təşkil edilib
20-21 fevral tarixlərində Azərbaycanın dəstəyi ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının mənzil-qərargahında hibrid formatda Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrası və Afrikanın ticari və iqtisadi inteqrasiyasının həyata keçirilməsi ilə bağlı təlim proqramı təşkil olunub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Təlimdə Afrika ölkələrini təmsil edən 100-dən artıq səfir, yüksək vəzifəli diplomat və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Afrika İttifaqına bağlı olan Afrika Potensialın Gücləndirilməsi Fondu (APGF), həmçinin Afrika İttifaqı Komissiyasının təşkilatçılığı ilə həyata keçirilən proqramın əsas məqsədi Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrasının sürətləndirilməsi üçün təlim iştirakçılarını müvafiq bilik və bacarıqlarla təmin etmək olub.
Təlim proqramının rəsmi açılış mərasimində çıxış edən Afrika İttifaqının iqtisadi inkişaf, ticarət, turizm, sənaye və minerallar üzrə komissarı Albert Muçanqa, APGF-nin icraçı katibi Mamadu Biteye, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının nümayəndəsi Stiven Karingi, eləcə də proqram iştirakçıları təlimin əhəmiyyətini vurğulayaraq baş tutması, o cümlədən Afrika İttifaqı Xarici İşlər Nazirləri Şurasının 3 fevral 2022-ci il tarixli 1160 saylı qərarının icrası üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür ediblər.
AİDA-nın rəisi Elməddin Mehdiyev açılış çıxışında Azərbaycan Respublikasının Afrika dövlətləri və Afrika İttifaqı ilə əməkdaşlıq münasibətlərinin və dostluq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini, Afrika dövlətlərinin dayanıqlı inkişafının təmin olunması naminə qitə ölkələri tərəfindən həyata keçirilən fəaliyyətləri dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın xüsusilə Qoşulmama Hərəkatına sədrliyi, eləcə də pandemiya dövründə Afrika ölkələrinə humanitar və inkişaf məqsədli yardımlar göstərdiyi, ümumilikdə 54 Afrika ölkəsindən 53-nün müxtəlif illərdə ölkəmizin yardımlarından faydalandığı vurğulanıb.
Afrika İttifaqı Komissiyasına ev sahibliyi edən Efiopiyanın KİV-ləri tədbirə böyük maraq göstərib, o cümlədən FANA televiziya kanalı tədbirin açılışını canlı yayınlayaraq Azərbaycanın dəstəyini vurğulayıb.
Proqramda həmçinin təşkilatçıların dəvəti ilə AR İqtisadiyyat Nazirliyinin azad ticarət zonaları üzrə mütəxəssisi Həsən Əliyev təlimçi qismində iştirak edib.
Təlimin bağlanış mərasimində ölkəmizin Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında nümayəndəsi Ruslan Nəsibov həyata keçirilmiş proqramın Afrika qitəsinin birliyi, həmrəyliyi və inkişafını nəzərdə tutan azad ticarət sazişinin icrasının sürətləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. Azərbaycanın Afrika qitəsinin tərəqqisini daim dəstəklədiyi və bu çərçivədə 2030 və 2063 gündəliklərinin icrası üçün göstərilən beynəlxalq səylərə mümkün töhfələr verməyə davam edəcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Saziş 2018-ci ildə imzalanıb və 2019-cu ilin mayında qüvvəyə minib. İndiyədək Sazişi biri xaric olmaqla bütün Afrika ölkələri imzalayıb və artıq 46 ölkə tərəfindən ratifikasiya olunub. Qitədaxili ticarətin inkişafı məqsədini daşıyan sözügedən Saziş Afrika qitəsində 1.2 milyard insanı əhatə edən nəhəng bazarın qurulmasını hədəfləyir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-02-2024, 14:46