mobil versiya

ABŞ dəstək verməsə, Ukrayna 2024-də əhəmiyyətli ərazilərini itirəcək


ABŞ-ın dəstəyi olmasa, Ukrayna 2024-cü ildə əhəmiyyətli ərazilərini itirəcək.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bildirib.
“Ciddi yardım olmasa, bu o deməkdir ki, qarşıda daha qaranlıq bir gələcək var”, – Berns ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin dinləmələrində deyib.
Onun sözlərinə görə, Ukraynanın sursatları, ABŞ-ın isə yardım göstərmək üçün vaxtı tükənir. O, Ukrayna Silahlı Qüvvələrinin mərmi çatışmazlığı səbəbindən dörd ay yarımlıq müdafiədən sonra fevralın ortalarında tərk etməli olduğu Avdeyevkanı misal çəkib.
“Ukraynalı həmkarım baş verənləri mənə danışanda qeyd etdi ki, xalq bacardıqca döyüşür, döyüş sursatı tükənir və ruslar gəlməyə davam edir. Məncə, dəstək verilməsə, 2024-cü ildə Avdeyevka kimi daha çox nümunə görəcəyik”, – MKİ rəhbəri bildirib.
Berns xəbərdarlıq edib ki, Konqresin Kiyevə 61,4 milyard dollarlıq yardımı təsdiqləməkdən imtina etməsi böyük tarixi səhv olardı. Eyni zamanda, onun fikrincə, əlavə maliyyə Kiyevə 2024 və 2025-ci illərdə hücum təşəbbüsünü bərpa etməyə və əhəmiyyətli güc mövqeyindən danışıqlar aparmağa kömək edəcək. Həmçinin, ABŞ-ın vəsaitləri sayəsində Ukrayna ordusunun Krıma zərbələr endirmək imkanı olacaq.

KARUSEL / DÜNYA
Tarix: 12-03-2024, 14:13