mobil versiya

Azərbaycan və Serbiya spikerləri görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç AŞPA-da müşahidə olunan ikili standartları tənqid ediblər.
Bu barədə tərəflərin Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsindəki görüşündə məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər Azərbaycan və Serbiya arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya Parlamentinin spikeri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası vasitəsilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb.
Bildirilib k, qanunverici orqanlar arasında əlaqələr iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.
Görüşdə tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək qeyd ediblər ki, bu AŞPA-nın üzərinə götürdüyü vəzifələr və missiyası ilə ziddiyyət təşkil edir.
Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Söhbət zamanı, həmçinin qeyd edilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya Parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Spiker Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

KARUSEL / SİYASƏT
Tarix: 25-03-2024, 16:53