mobil versiya

Macarıstan və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır


Milli Məclisin sədri Sahibə Qafarova aprelin 10-da Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu deyən Sahibə Qafarova bu illər ərzində əməkdaşlığımızın dinamik inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. Münasibətlərimizin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, keçirdikləri görüşlərin və imzalanan sənədlərin xüsusi rolu olduğunu vurğulayan S.Qafarova bu baxımdan Prezident İlham Əliyevin bu il Macarıstana rəsmi səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin əməkdaşlığımızı yeni səviyyəyə qaldırdıdığını deyib.
Söhbət zamanı parlamentlərarası əlaqələrdən danışan Sahibə Qafarova 2021-ci ildə Macarıstana rəsmi səfərinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Bildirilib ki, hər iki ölkənin parlamentlərindəki dostluq qrupları qanunverici orqanlar arasında körpü rolunu oynayır.
Görüş zamanı səfir Azərbaycanın 2020-ci ildə öz ərazilərini erməni işğalından azad etməsindən sonra bölgədəki mövcud vəziyyət barədə də məlumatlandırılıb.
Tamaş Torma qeyd edib ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Diplomat vurğulayıb ki, Macarıstanın müşahidəçi statusuna sahib olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyası ilə artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 10-04-2023, 18:05