DAAD-ın təqaüd mükafatlandırma mərasimi keçiriləcək
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dr. Ralf Horlemann Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan universi-tetləri və elmi-tədqiqat institutlarının tələbə və alimlərinə Almaniyada təhsil və tədqiqat aparmaq üçün 67 təqaüd təqdim edəcək.
Bu barədə Almaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bu il də müxtəlif sahələrdən olan tələbələr və alimlər DAAD təqaüdü çərçivəsində təhsil və ya tədqiqat üçün Almaniyaya səfər edəcək. Digər təqaüdlərlə yanaşı, iki illik magistratura proqramları üçün də 35 təqaüd veriləcək.
Alman Akademik Mübadilə Xidməti (DAAD) akademik sistemi beynəlmiləlləşdirmək, almanşünaslığı və alman dilini təbliğ etmək üçün Alman universitetləri və onların tələbə qurumlarının təşkilatıdır. DAAD tələbə və elm adamlarının beynəlxalq mübadiləsini dünyada təşviq edən ən böyük təşkilatdır.
Tədbir Azərbaycan Texniki Universitetində baş tutacaq. Qonaqları səfir Ralf Horlemann və DAAD-ın Tiflis şəhərində yerləşən nümayəndəliyinin rəhbəri Gebhard Reul qarşılayacaq.
DAAD Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Texniki Universitetində DAAD-nin lektoratlığı var. 2021-ci ildə Tiflisdə Cənubi Qafqazın üç ölkəsinə cavabdeh olan regional filial açılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2024, 13:45