Macarıstan Aİ-də xarici agentlərlə bağlı qanunun qəbulunu təklif edəcək
Macarıstan Avropa İttifaqında xarici agentlərlə bağlı qanun layihəsinin qəbulu ilə bağlı təşəbbüs irəli sürməyə hazırlaşır.
Bu barədə “Daily News Hungary” agentliyi məlumat yayıb.
Bildirilir ki, Baş nazir Viktor Orbanın aparatı müvafiq layihənin mətnini ekspertizadan keçirdikdən sonra deputatların müzkairəsinə göndərəcək. Aparatdan verilən məlumata əsasən, bu qanunun qəbulunu qlobal məcrada baş verən geosiyasi dəyişikliklər şərtləndirib. Rəsmi press-relizdə o da bildirilib ki, sənədin demokratik prinsiplərə xələl gətirdiyi barədə deyilənlər tamamilə əsassızdır.
Xatırladaq ki, ölkənin cinayət qanunvericiliyi seçki kampaniyaları üçün xarici mənbələrdən pul vəsaitlərinin cəlb olunmasını suverenliyə təhdid kimi qiymətləndirir və bu əmələ görə ciddi cəzaları nəzərdə tutur.
Bu arada Slovakiya Avropa İttifaqının Gürcüstanda qəbul edilən analoji qanunu pisləyən bəyanatını bloklayıb. Müşahidəçilərin fikrincə, bu addım adı çəkilən ölkədə də xarici agentlərlə bağlı qanunun müzakirəyə çıxarılacağını deməyə əsas verir.
Ölkə müxalifəti isə sənədin müzakirəyə çıxarılması ilə bağlı hökumət planını pisləyib. Onlar birgə bəyanatda qanunu rusyönümlü adlandıraraq, qəbuluna imkan verilməyəcəyini açıqlayıblar.(apa)
KARUSEL / DÜNYA
Tarix: 17-05-2024, 14:05