Rusiyanın sərhəd rayonu tamamilə boşaldılıb
Rusiyanın Belqorod vilayətinin qubernatoru deyir ki, Krasnoyaruq rayonunun mülki əhalisi tamamilə köçürülüb.
Azadlıq Radiosu xəbər verir ki, bu, Ukrayna qüvvələrinin qonşu Kursk vilayətində hücumu davam etdirdiyi bir vaxtda baş verir.
"Azı 11 min nəfər çıxarılıb. Hazırda minədək insan müvəqqəti sığınacaqda qalır", – qubernatoru Vyaçeslav Qladkov avqustun 13-də səhər Telegram-da yazıb.
Rayonun müharibədən öncəki əhalisi 14 min nəfər idi. Qubernator avqustun 12-də bu rayonun evakuasiya olunduğu bildirib, əraziyə giriş-çıxış bağlanıb. Rayon başçısı Andrey Miksov deyib ki, ərazidə qalan 500 nəfər, əsasən, rəsmilər, fövqəladə xidmət işçiləri, mütəxəssislərdir.
Krasnoyaruq qərbdə Ukrayna, şimalda Kursk vilayətinin Belov rayonu ilə həmsərhəddir. Ukrayna qüvvələrinin avqustun 12-də yaydığı videonun Kurskun Suca şəhərinin mərkəzinə yaxın çəkildiyi qeydə alınıb. Videonun dəqiq tarixi bəlli olmasa da, Ukrayna əsgərləri orada deyirlər ki, Rusiya qüvvələrinə rast gəlməyiblər.
Rusiya hərbi bloqerləri xəbər verirlər ki, Suca Ukraynanın nəzarəti altındadır. Sərhəddən 10 km məsafədə yerləşən bu şəhərdə müharibədən öncə azı 5 min nəfər yaşayırdı.
KARUSEL / DÜNYA
Tarix: 13-08-2024, 14:52