mobil versiya

Qarabağ dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən biridir - Fuad Hüseynov



Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur geniş şəkildə minalarla çirkləndirilib və bu ərazilər hazırda dünyanın ən təhlükəli mina zonalarından biri hesab olunur.

Bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb.
“Bu gün həmin ərazilər beynəlxalq ekspertlər tərəfindən dünyanın ən çox mina ilə çirkləndirilmiş bölgələrindən biri hesab olunur. Ermənistan dəqiq mina xəritələrini tam şəkildə təqdim etməkdən imtina edir və bu, mülki əhaliyə qarşı mina terrorunun davam etməsinə səbəb olur. 2020-ci ildən indiyədək mina partlayışları nəticəsində 420-dən çox insan ya həlak olub, ya da ağır yaralanıb”, – deyə o bildirib.
Komitə sədrinin müavini qeyd edib ki, buna baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə sürətli yenidənqurma işlərini davam etdirir.
“Bu gün Qarabağ və Şərqi Zəngəzurda smart kənd, smart şəhər, yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış məntəqələri qurulur. Qısa müddət ərzində 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin baş planı təsdiqlənib. Bu, Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir və unikal hallardan biridir”, – deyə o vurğulayıb.
O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 43 yaşayış məntəqəsinə, o cümlədən 9 şəhər, 3 qəsəbə və 31 kəndə 85 mindən çox insan qayıdıb. (Trend)

Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 18:00