mobil versiya

Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? - FOTO


Rusiya Prezidenti Vladimir Putinin ötən gün xalqa müraciəti ilə dünya daha qorxulu sabahlara oyanacağının, yaxud da əbədi yuxuya getməklə bağlı təhdidlərin fərqinə vardı. Hər kəsi belə bir sual düşündürür - nüvə müharibəsi ehtimalı gerçəkləşir?  
Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Mərkəzi Asiyada Tacikistan-Qırğızıstan, Balkan yarımadasında Serbiya-Kosovo, Yunanıstan-Türkiyə gərginliyi son ayların gündəmindən düşmür. Tayvan adası ətrafında ABŞ-Çin maraqları toqquşur və ABŞ Çini sanksiyalarla hədələyir. Ən gərgin vəziyyət isə Şərqi Avropada hökm sürür. Belə ki, yeddi aya yaxındır davam edən Rusiya-Ukrayna savaşının nə vaxt bitəcəyi hər kəs üçün sirr olaraq qalır. Vladimir Putinin qismən səfərbərlik elan etməsi isə Rusiyanın, Qərbin sanksiyalarına baxmayaraq, yaxın müddətdə oyundan çıxmaq kimi bir planının olmadığını açıq şəkildə göstərir. 
Bundan başqa, Kreml rəhbəri Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara da xəbərdarlıq edib: “Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”.
Politoloq İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında qlobal təhlükəsizlik sisteminin artıq yox dərəcəsində olduğunu deyib:

“Əsas güclər qlobal rəqabət aparırlar, silahdan istifadə edirlər. Rusiyanın son addımı ondan xəbər verir ki, Ukrayna tərəfindən həyata keçirilmiş əks-hücumların qarşısını ala bilmir. Nəticədə daha effektli olmaq üçün belə addımlar atılır”. 
Mövcud durumu Oxu.Az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə diqqətə çatdırılıb ki, bu, qismən səfərbərlik adlandırılsa da, ümumi səfərbərlikdir və Rusiyanın bütün böyük şəhərlərini əhatə etməkdədir:

“Amma 300 min çağırışçını orduya səfərbər etmək mümkün olmayacaq. Rəqəm böyükdür, üstəlik orduya könüllü surətdə çağırışçı kimi cəlb olunmaq istəyənlərin sayı yox dərəcəsindədir. Dünən böyük şəhərlərdə gənclər mitinq keçirərək bildiriblər ki, aparılan müharibə Rusiya ərazisində olmadığına görə onlar bu müharibədə iştirak etmək fikrində deyillər. Əgər Rusiya təcavüzə məruz qalarsa, onlar müharibədə iştirak edərlər. Komissarlılara etiraz edən, gələn çağırış vərəqlərini cırıb atan, yaşayış yerini dəyişən, hətta ölkə ərazisini tərk edənlər də var. Dünən Rusiyadan Türkiyəyə, ərəb ölkələrinə, Azərbaycana, Gürcüstana səfər edən çağırış yaşındakı gənclərin sayı on minlərlə ölçülür. Bütün bunlar onu göstərir ki, çağırış haqqında verilən qərarın icrası çətin olacaq”.
Siyasi şərhçi bildirib ki, Putinin nüvə silahı haqqında səsləndirdiyi fikirlər də heç bir əsasa malik deyil:
“Çünki Putin hələ ki taktiki nüvə silahları ilə dünyanı hədələyir. Yəni Ukrayna ərazisində taktiki orta mənzilli nüvə raketlərini tətbiq edəcəyini deyir. Amma orta mənzilli nüvə raketlərinin döyüşə hazır vəziyyətə gətirilməsi üçün xeyli vaxt lazımdır. Çünki döyüş başlıqları ilə orta mənzilli raketlər bir-birindən ayrı saxlanılır. Döyüş başlıqlarının raketlərə quraşdırılması üçün isə ən azı bir gün vaxt lazımdır. Belə olan halda dünya Rusiyanın nüvə zərbəsi vurmağa hazırlaşdığını biləcək və qabaqlayıcı zərbə endirəcək. NATO və Qərb ölkələri çox arxayınlıqla Rusiyaya qarşı nüvə zərbəsi endirəcəklərini, Rusiyanın əl-qolunu açmağa imkan verməyəcəklərini bəyan edirlər. Bunlar Rusiya üçün növbəti fəlakətə gətirib çıxaracaq”.
Müsahib müharibənin Putinin məğlubiyyəti ilə sonlanacağını vurğulayıb:
“Tacikistan-Qırğızıstan arasında artıq atəşkəs əldə olunub, Azərbaycan-Ermənistan arasında da, yəqin ki, sülh danışıqları təzələnəcək. Digər dövlətlər arasında da gərginliklər hazırda müharibə həddində deyil. Ona görə də bu saat dünyanı əsas narahat edən məsələ Rusiya-Ukrayna müharibəsidir. Müharibəni bitirmək lazımdır. Putin isə bunu etmir. Çünki müharibən dayandırılsa, bu, Putinin tamamilə iflas etməsi və hakimiyyətdən getməsi demək olacaq. Bundan sonra Rusiyanı ciddi qarışıqlıqlar, xaos gözləyir. Çünki müharibə təkcə Rusiya ilə Ukrayna arasında deyil, NATO, Qərb dünyası və Rusiya arasındakı savaşdır. NATO, Qərb dünyası Rusiyanı dünyanı fəth etmək kimi ambisiyalardan məhrum edəcək”.

MANŞET / SİYASƏT
Tarix: 23-09-2022, 12:33