Fədayə Laçın: "Necə xəbərsiz getmişdimsə, o cür də xəbərsiz gəldim" - VİDEO
Azadlığa buraxılan müğənni Fədayə Laçın hazırda anasının evindədir.
Musavat.com bildirir ki, müğənni jurnalistlərin qarşısına çıxaraq, gizlin şəkildə azadlığa buraxılmasından danışıb:
"Mənim çıxmağım əslində belə olmamalı idi. Düşünürdüm ki, saat 12:00 radələrində buraxılaram. Amma səhər tezdən dedilər ki, hazırlaş, çıxırsan. Azadlığa çıxacam deyə iki gecə yatmamışdım. Bu gecə yuxusuz idim deyə yatdım, o da səhər tezdən oyatdılar. Çıxıb, taksiyə oturub, gəldim, qarşılayan da olmadı. Necə xəbərsiz getmişdim, o cür də xəbərsiz gəldim.
Müğənni səhhəti ilə bağlı da danışıb:
"Yalan söhbətlər idi ki, səhhətimdə problemlər yaranıb, xəstəyəm. Amma bu iki ildə heç qrip də olmadım".
Fədayə Laçın azadlığa buraxılması ilə bağlı mətbuat konfrasndı keçirəcəyini və yenidən səhnəyə geri dönəcəyini də bildirib:
"Daha çox ailəmin, əzizlərimin, dostlarımın həsrətini çəkirdim. Bir də göydəki aya həsrət qalmışdım".
Müğənni heç nəyə təəssüflənmədiyini deyib:
"Bütün nə varsa Allahdan gəlir. Ondan gələn bəla da, xoşbəxtçilik də xoşdur".
"Peşmansınızmı?" sualına isə müğənni bu cür cavab verib:
"Bu suala məhkəmədə artıq cavab vermişəm. Ona görə bir daha cavab vermək istəmirəm.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatıb və müğənni azadlığa buraxılıb.
Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 29-10-2019, 15:25