In öldü? Yaşasın Çjon!?
Aprelin 11-də yoxa çıxan Şimali Koreya liderinin ölüm ayağında olduğu deyilir, varis bacısı olur…
Dünya hələ ki, sirrini heç bir təbibə verməyən koronovirus pandemiyası ilə mübarizədə ikən Şimali Koreya lideri Kim Çen In müəmmalı yoxa çıxıb. Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.“Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, - deyə bildirilir.
Musavat. com Qərb KİV-lərinə istinadən xəbər verir ki, Kim Çen Inın sonuncu dəfə aprelin 11-də Siyasi Büro iclasında iştirakdan sonra görünməməsi şübhələrə səbəb olub. Kim Çen Inın başında bəla olduğu haqda ilk xəbərlər isə onun hakimiyyətə gələndən sonra ilk dəfə 15 apreldə bütün ölkədə qeyd olunan "Günəş Günü"ndə iştirak etməməsindən sonra başlayıb. Həmin gün babası Kim İr Senin mumyalanmış cənazəsinin yerləşdiyi Kumsusan xatirə kompleksində bütün Şimali Koreya rəhbərliyi olsa da, ölkə liderinin yoxluğu ətrafında dərhal beynəlxalq “axtarış” başlayıb. Qapalı ölkə olması səbəbindən ilk günlər yalnız kəşfiyyat məlumatlarına əsasən, ABŞ bildirib ki, Kim Çen In xəstədir və böyük ehtimalla ürəyindən əməliyyat olunub. CNN də ABŞ-dakı adı açıqlanmayan bir rəsmi mənbəyə istinadən Şimali Koreya liderinin ürək əməliyyatından sonra "həyatının ciddi təhlükədə olduğunu” xəbər verib.
CNN-in xəbərinə dərhal reaksiya Cənubi Koreya prezidenti Mun Çje İnin iqamətgahından gəlib. Son vaxtlar Şimali Koreya ilə münasibətləri xeyli yaxşılaşmış Seulun adını açıqlamaq istəməyən rəsmi şəxsi “Le Figaro”ya bildirib ki, Pxenyanda heç bir həyəcan müşahidə edilməyib.
Kim ailəsində irsən ürək-damar xəstəlikləri var. Kim Çen Inın, İsveçrədə oxuduğu müddətdə içkiyə və siqaretə, eləcə də yaxşı qidaya, xüsusən də pendirə çox meylli olduğu bilinir. “Bu vərdişlərın irsi ürək-damar xəstəliyi olan bir nəslin davamçısı kimi Kim Çen Ina risk yaratdığı da məlumdur. Buraya gərgin geosiyasi qeyri-sabitliyi də əlavə etsək, Şimali Koreya liderinə qibtə etməmək olardı” deyə, “Le Figaro”nun 22 apreldə dərc olunan sayında deyilir.
Sualları artıran nüvə silahına sahib olan bu rejimin gələcək liderinin müəyyən olunmamasıdır. Söhbət ondan gedir ki, 2011-ci ildə hakimiyyətə gəlsə də, Inın varis olacağı haqda hələ 2009-cu ildə danışmağa başlamışdılar. Atasının ölümündən sonra da kommunist rejiminin başına o keçdi. İndi isə heç bir varis yoxdur. Əslində var, amma onların yaşı hakimiyyəti idarə etmək üçün çox azdır. Bu səbəbdən liderin qəfil yoxa çıxması ətrafında yaranmış ajiotaj başa düşüləndi. Ehtimal edilir ki, əgər In ölərsə, onu əvəz etməyə ən real namizəd kiçik bacısı Kim Yo Cjindir.
ABŞ kəşfiyyatının sabiq analitiklərindən olan Li Minyunq qəzetə deyib ki, xarici xüsusi xidmət orqanlarının Şimali Koreya liderinin cərrahi əməliyyat keçirməsi haqqında məlumatları əldə etməsi inandırıcı deyil. Sabiq kəşfiyyat analitiki deyir ki, əgər belə bir əməliyyat keçirilibsə, ondan ancaq çox yaxın ətrafı məsələn, bacısı xəbərdar ola bilər. Vaşinqtonun bu cərrahi əməliyyat haqda belə səhih məlumat alması inandırıcı deyil.
"Amerika Birləşmiş Ştatları 1953-cü ildən bəri qapalı bir rejimə çevrilmiş ölkənin içindən casus şəbəkəsindən və peyklərindən istifadə edərək bu cür məlumat alması çətindir. Bu zaman ən yaxşısı Pxenyandan rəsmi məlumat gözləməkdir.
Qəzet xatırladır ki, Kim Sen İnin vəfatı 2011-ci ilin dekabr ayında ölümündən iki gün sonra rəsmən elan edilmişdi.
Şimali Koreya lideri 2011-ci ildə vəfat etmiş Kim Çen İrin üçüncü arvadından olan kiçik oğludur.
1983-cü ilin(bəzi mənbələrə görə, 1984) yanvar ayının 8-də doğulmuş Inın varisi olacağını çoxları ağlına da gətirmirdi.
Diqqətlər onun ögey qardaşı Kim Çen-Nama və doğma qardaşı Kim Çen-Çola yönəlmişdi. Deyilənə görə, onun anası Kim Çen İrin sevimli arvadı idi və qadın öz oğlunun irəli çəkilməsində rol oynayıb.
Deyilənə görə, anası onu "Dan ulduzu kralım" adlandırırmış. 2003-cü ildə yazdığı "Mən Kim Çen İrin aşpazı idim" kitabında müəllif də yazırdı ki, Çen In atasının sevimli oğlu idi.
Qardaşları kimi İsveçrədə oxuyanda Kim Çen In Qərbin təsirlərindən qaçarmış, dərsini bitirəndən sonra evə qayıdar və Şimali Koreya səfiri ilə yeməyə çıxarmış.
Pxenyana qayıdandan sonra isə o, hərbi universitetdə təhsil alıb.
2009-cu ilin yanvarında ilk dəfə Kim Çen Inın varis təyin etdiyi xəbərini yayıb. Şimali Koreyanın Milli Müdafiə Komissiyasına təyinatı bu xəbərin doğruluğuna işarə oldu. Çünki Müdafiə Komissiyası Şimali Koreyanın mühüm hökumət orqanıdır və ona Kim Çen İr sədrlik edirdi.
2011-ci ilin yanvarından Şimali Koreyada Kim Çen In rəhbərlik edir.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 23-04-2020, 13:40