mobil versiya

Kütləvi davalar poliqonu: məşhur “Oazis” niyə sökülür? - Reportaj/Fotolar



Bir vaxtlar Bakının adlı-sanlı restoranlarından olan, şəhərdə uşaqdan böyüyə hamının tanıdığı, məşhur ifaçıların oxuduğu, son illərdə isə tez-tez qalmaqal, dava-qırğınla ad çıxaran “Oazis” artıq tarixin arxivinə qovuşur. 

Musavat.com olaraq bu səhər əyləncə mərkəzinə baş çəkərkən daşının üstündə daş qalmadığının, restoranın içərisinin söküldüyünün şahidi olduq.

Amma çəkiliş apardığımızı görən iş icraçısı sanki gizli bir hadisə baş vermiş və ya məxfi məlumat əldə edirik kimi dərhal “Oazis”in qapılarını üzümüzə bağladı ki, içəridən kadrlar lentə ala bilməyək.

Ondan restoranın hara köçürüləcəyini xəbər alsaq da, heç bir informasiyası olmadığını deyərək qapıları qıfıllayıb getdi.
Fakt isə faktlığında qalır: ərazidə fəhlələr işləyirdilər, şadlıq sarayının içərisi sökülüb, təkcə bayırdan maketi, istinad divarları qalıb ki, onu da yaxın vaxtlarda uçurub “Oazis”in yerini açıq meydana çevirəcəklər.

Bu restoranın sahibi Hacı Mirtalıb Miroğludur. O, lap əvvəllərdə “Oazis”də spirtli içki satmaması ilə ad çıxarmışdı və buraya gələn müştəri spirtli içki istəyirdisə, özü ilə gətirirdi, ancaq sonradan restoranın işçiləri əl arabasıyla masa-masa dolaşıb müştərilərə bahalı viskilər, likörlər, brendilər, araqlar, şərablar təklif edirdilər.

Son dövrlərdə baş verən bəzi hadisələr isə müştərilərin “Oazis”ə münasibətini dəyişmişdi, əyləncə mərkəzinin imici yerlərdə sürünürdü.
Ancaq ərazidə olarkən ətrafdakı taksilərdən öyrənirik ki, əyləncə mərkəzinin sökülməsinin birbaşa səbəbi məkanın gözdən düşməsi və ya müştəri çatışmazlığı üzündən deyil.

Sadəcə, iddia olunur ki, “Oazis”in ərazisi alınıb və yerində supermarket tikiləcək.

Əslində, “Oazis” o qədər də ucuz restoran deyildi. Sadəcə, tanınmş müğənnilər orada ifa edirdilər və nişan mərasimi, ad günləri üçün münasib məkan idi.

Yada salaq ki, 2014-cü ilin sentyabrında burada restoranın işçiləri ilə müştəriləri arasında kütləvi dava baş vermişdi. O zaman Bakı sakini Zaur Əsgərov 3 yaşlı oğlunun ad gününü qeyd etmək üçün restorana 20 nəfərlik qonaq çağırıb.

Dava restoranın mühafizəçisinin ona arvadının dekoltesini bağlamağı məsləhət görməsi ilə başlayıb. Restoranın 3 işçisi bıçaq yarası alıb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava nəticəsində 7 nəfər xəsarət alıb, həbslər olub.
2016-cı ilin 5 martında isə bu restoranda əsl qarşıdurma yaranıb. Restoranın iki müştərisi - Elçin adlı iki şəxs sərxoş vəziyyətdə hay-küy salaraq polis əməkdaşlarını döyüblər. Daha sonra köməyə gələn polislər də onları ram ediblər.

Beləliklə, şəhərin ən yaxşı səmtlərindən birində yerləşən “Oazis” müqəddəs məkan olmasa da, hər halda yeri boş qalmayacaq.








MANŞET / KARUSEL / FOTOXƏBƏR / REDAKTOR SEÇİMİ
Tarix: 21-09-2019, 12:46