Fevralda nə üçün hər dörd ildən bir 29 gün olur?
Təqvimlərimiz fevralı dörd ildən bir 29 olaraq göstərir. 2024-cü il də elə həmin illərdən biridir. Bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər.
Mövzu ilə bağlı kiçik bir araşdırmanı təqdim edirik.
2024-cü il 365 yox, 366 gün olacaq. Fevral ayının tarixi niyə belədir və hansı səbəbdən yaranıb?
Yerin Günəş ətrafında fırlanması üçün 365,2422 gün lazımdır. XVI əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin olunur. İlin qalan 0,2422-si - 5 saat, 48 dəqiqə və 46 saniyə - dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız Yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Ona görə də, fevralda üç il 28 gün olduğu halda, təqvim dörd ildən bir 29-u göstərir.
Bəs niyə başqa ay yox, məhz fevral?
Bunun cavabı eramızdan əvvəl I əsrə gedib çıxır. Roma lideri Yuli Sezar astronomlara Roma təqvimini hazırlamaq tapşırığını verdi. Roma təqvimi 355 gündən və hər iki ildən bir əlavə ay 22 gündən ibarət idi. Təqvimin fəsillərlə harmoniyası tamamilə pozulmuşdu. Sezarın əmri ilə hazırlanan təqvimdə bir il 365 gün olaraq təyin olundu. Dörd ildən bir gün kimi bir neçə saat əlavə olunmağa başladı. Beləliklə, “sıçrayış ili” yarandı. Halbuki o dövrdə fevral ayı normal olaraq 29 gün, sıçrayış illərində isə 30 gün olurdu. Avqustda da 30 gün var idi. Tarixçilərin fikrincə, Roma İmperiyasının yeni başçısı olan və Yuli Sezar kimi önəmli şəxs olmağa çalışan Avqust uzun bir ayın onun adını daşımasını istəyirdi. Çünki Yuli Sezarın adını daşıyan iyul ayında 31 gün var idi. Bu səbəbdən də fevral ayı bir gün qısaldıldı və bununla da avqust ayına bir gün əlavə edildi.
“Sıçrayış ili” olmasaydı nə olardı?
Təqvimlərdə bu düzəliş edilməsəydi, fəsillər dəyişməyə başlayacaqdı. 700 illik bir dövrdə Şimal yarımkürəsində yay - iyun əvəzinə dekabrda başlayacaqdı. Bəzi mədəniyyətlərdə “sıçrayış ili” uğursuzluqla əlaqələndirilir. Yunanıstanda ənənəvi olaraq “sıçrayış ili”ndə evlənmək tövsiyə edilmir. Xüsusilə “sıçrayış ili”ndə, məhz fevralın 29-da bəzi insanlar evliliklərin boşanma ilə bitəcəyinə inanırlar. Bəzi şotlandlar hələ də fevralın 29-da doğuşun bədbəxtlik gətirəcəyinə inanırlar. Bəzi ölkələrdə isə həmin gündə doğulmaq, əksinə, uğurla əlaqələndirilir. Bəzi astronomlar hesab edirlər ki, doğum günü “sıçrayış günü”nə düşərsə, həmin doğulan şəxsdə xüsusi istedad olacaq. Fevralın 29-da dünyada təxminən 4,1 milyon insan doğulur.(azərtac)
MARAQLI / KARUSEL
Tarix: 29-02-2024, 08:44