COP29-da meymunçiçəyi və digər xəstəliklərlə bağlı ehtiyat tədbirləri görülüb
COP29 konfransına hazırlıqlar çərçivəsində əsas diqqət qonaqlar arasında bəzi infeksion xəstəliklərin qarşısının alınmasına və vaxtında aşkarlanmasına yönəlib. Tədbirə dünyanın müxtəlif yerlərindən gələn qonaqların sağlamlığını qorumaq məqsədilə xüsusi profilaktik tədbirlər görülür. Bunlar əsasən COVID-19, meymunçiçəyi və digər potensial infeksion xəstəliklərin qarşısının alınması və müalicəsini əhatə edir.
Bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib.
N.Zeynalov bildirib ki, meymunçiçəyi xəstəliyi riskinə qarşı Azərbaycanda qabaqlayıcı tədbirlər həyata keçirilir: “Bu xəstəliklərin müalicəsi üçün zəruri dərman preparatları ölkəyə gətirilib və ehtiyat tədbirləri görülüb. Konfrans zamanı hansısa qonaqda hər hansı bir xəstəlik əlaməti aşkarlanarsa, dərhal həmin şəxsin müvafiq tibbi yardım alması və izolyasiya prosedurlarının tətbiqi təmin ediləcək”.
Səhiyyə nazirinin müavininin sözlərinə görə, bu tədbirlər həmçinin qlobal pandemiyaların təcrübəsindən faydalanaraq, qonaqların sağlamlığını qorumağa yönəlib.
“COP29 konfransı çərçivəsində həyata keçirilən tibbi tədbirlər ölkəmizin qonaqlar üçün təhlükəsiz bir mühit təmin etmək öhdəliyini əks etdirir. Bu, təkcə konfrans iştirakçılarının deyil, eyni zamanda, cəmiyyətimizin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir. Meymunçiçəyi və digər infeksion xəstəliklərin profilaktikası üçün əvvəlcədən gətirilmiş dərman preparatları, hava limanında tətbiq edilən müasir termal skanerlər və tibbi heyətimizin hazırlığı bu öhdəliyimizin göstəricisidir. Bu tədbirlər, həmçinin ölkəmizin beynəlxalq miqyasda təşkilatçılıq bacarığını və tibbi təhlükəsizlik sahəsində yüksək standartlarını nümayiş etdirir”, - deyə Nadir Zeynalov əlavə edib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 16:32