Tədqiqatçılar yuxu xatırlama qabiliyyətinin fərdi və idrak amillərlə əlaqəsini araşdırıb

IMT Təkmil Araşdırmalar Məktəbinin (Lucca, İtaliya) tədqiqatçıları yuxuların xatırlanmasına təsir edən faktorları araşdıraraq maraqlı nəticələr əldə ediblər. “Communications Psychology” jurnalında dərc edilən bu yeni tədqiqat yuxuları xatırlamaq qabiliyyətinin şəxsi xüsusiyyətlər, idrak meyilləri və yuxu rejimi ilə qarşılıqlı əlaqədə olduğunu göstərir.
Reportyor.az bildirir ki, bu barədə Azərtac “MedicalXpress” nəşrinə istinadla xəbər verir ki, tədqiqat 2020–2024-cü illər ərzində Kamerino Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və 18-70 yaş arası 200-dən çox iştirakçını əhatə edib. İştirakçılar 15 gün ərzində yuxularını və idrak göstəricilərini xüsusi cihazlar və psixometrik testlər vasitəsilə qeydə alıblar.
Hər bir iştirakçıya yuxudan oyanan kimi yuxu təcrübələrini qeyd etmələri üçün səs yazma cihazı təqdim edilib. Bununla yanaşı, yuxu monitorinqi üçün xüsusi qol saatları taxılıb və psixoloji testlər vasitəsilə yaddaş, diqqət və zehnin dolaşma meylləri ölçülüb. Araşdırmanın nəticələri göstərib ki, yuxulara müsbət münasibət bəsləyən və zehninin dolaşmasına meyilli insanlar yuxularını daha yaxşı xatırlayırlar. Burada yuxu rejimi də mühüm rol oynayır. Yüngül yuxu fazasında daha uzun müddət keçirən şəxslər yuxularını tez-tez xatırlaya bilirlər. Yaş amili də nəzərəçarpacaq dərəcədə təsir göstərib – gənclər yuxularını daha yaxşı xatırladığı halda, yaşlı insanlar daha çox “ağ yuxular” (detalları xatırlanmayan, lakin yuxu görüldüyü hiss edilən vəziyyət) barədə məlumat veriblər.
İştirakçılar qış aylarında yaz aylarına nisbətən yuxularını daha az xatırladıqlarını bildiriblər. IMT Məktəbinin ümumi psixologiya professoru və aparıcı müəllif Giulio Bernardi tədqiqatın əhəmiyyətini vurğulayaraq bildirib: “Nəticələrimiz yuxuların xatırlanmasının sadəcə təsadüfi bir proses olmadığını, əksinə, fərdi idrak xüsusiyyətləri və yuxu dinamikası ilə sıx bağlı olduğunu göstərir. Bu tapıntılar təkcə yuxu mexanizmlərini anlamağa deyil, həm də psixi sağlamlıq və insan şüurunun öyrənilməsi sahəsində yeni perspektivlər açmağa kömək edir”.
Bu araşdırma yuxuların xatırlanması ilə bağlı fərqlərin daha dərindən anlaşılmasına töhfə verməklə yanaşı, yuxuların idrak və psixi sağlamlıqla əlaqəsini araşdırmaq üçün yeni imkanlar yaradır.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 19-02-2025, 09:36