Azərbaycan XİN Paşinyanın iddialarına cavab verdi
Ermənistan baş nazirinin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə bu cür fikirlər səsləndirməsi, ya onun son iki il ərzində hələ də bu prosesi öyrənə bilmədiyini, ya da bu kimi bəyanatları ilə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü göstərir. Doğrudur, danışıqlar prosesində yeni sənəd yoxdur, çünki yeni sənədə və təklifə heç ehtiyac da yoxdur. Belə ki, danışıqlar ATƏT-in Minsk Qrupunun 2019-cu ilin 9 mart tarixli bəyanatında da açıqlandığı kimi, danışıqlar masasında artıq mövcud olan sənəd üzrə aparılır.
Bunu Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı münaqişənin həlli üzrə “məxməri inqilabdan” sonra yeni sənədin irəli sürülmədiyini, köhnə təklifin isə məqbul olmadığı fikrinə münasibət bildirərkən deyib.
"Maraqlıdır, N.Paşinyan son iki il ərzində Ermənistan Xarici İşlər nazirinin aparılan danışıqlar prosesində nə işlə məşğul olduğu ilə heç maraqlanıbmı? Bəlkə də, bu ilin yanvar ayında Cenevrədə intensiv şəkildə aparılan danışıqlar da daxil olmaqla, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim olunan sənədləri Ermənistan Xarici İşlər nazirinin öz baş nazirinə təqdim etmədiyi istisna olunmamalıdır.
Əgər Ermənistanın hazırkı rəhbərliyinin məqsədi “danışıqlar”pərdəsi altında münaqişənin həllini uzatmaqdırsa, bu yanaşma həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur.
Danışıqlar prosesini və beynəlxalq vasitəçilərin səylərini heçə endirmək istəyən işğalçı Ermənistan rəhbərliyinə xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının səyləri də daxil olmaqla, bu ölkələrin vasitəçiliyi ilə uzun illər ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başlıca məqsədi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması, yüz minlərlə məcburi köçkünün insan hüquqlarının bərpa olunması və beləliklə də bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır.
Ermənistan rəhbərliyi bu kimi bəyanatları ilə aydın şəkildə göstərir, hansı ölkə sülhün, hansı ölkə isə bölgədə gərginliyin artırılmasının tərəfdarıdır. Bir daha vurğulayırıq ki, bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir" - deyə L.Abdullayeva bildirib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-05-2020, 18:20