Çimərliklər açılır? - Baş infeksionistdən AÇIQLAMA
Gördüyünüz kimi, son günlər virusa yoluxmada müsbət dinamika müşahidə olunur. Əgər dinamika bu cür davamlı olsa və Azərbaycanın digər bölgələrində də bu müşahidə olunarsa, yəqin ki, müəyyən yumşalmalar nəzərdə tutulacaq.
REPORTYOR.AZ xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev sərt karantin rejimində nəzərdə tutulan yumşalmalar haqqında danışarkən bildirib.
"Əgər müsbət vəziyyət davam etsə, insanlar karantin rejiminə tam əməl etsələr, yumşalmalar avqustun 5-dən də tez bir zamanda, ilk həftədən sonra da ola bilər. Bizə bir az şübhəli qalan vəziyyət keçən həftə orduya, Prezidentə dəstək zamanı keçirilən aksiyadır. Çünki bu xəstəliyin inkubasiya dövrü 3-4 gündən -14 günə qədərdir.
Orada ən azından infeksiyanı yüngül formada keçirən 10 % insan var idisə, bu artıq böyük fəsadlara səbəb ola bilər. Bu barədə inkubasiya dövrünü keçdikdən sonra yaranan vəziyyəti nəzərdən keçirib, müəyyən qərarlar veriləcək. Mən karantin rejiminin avqustun 5-nə qədər uzadılmasını dəstəkləyirəm və bildirirəm ki, bu düşünülmüş bir addımdır",- o qeyd edib.
Baş infeksionist yaxın zamanlarda çimərliklərə veriləcək icazələrdən də danışıb. O bildirib ki, hazırda hökümət bu məsələni müzakirə edir və yaxın zamanlarda ictimaiyyətə bu barədə açıqlama veriləcək:
"Bu barədə hazırlıqlar görülür. Artiq 6-7 ictimai çimərlik insanların ixtiyarına buraxılacaq. Artıq fövqaladə hallar naziri və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı dəniz kənarında olublar və xüsusi plan hazırlanır. Orada da insanlar xüsusi karantin rejiminə riayət edərək rahat şəkildə istirahət edə biləcəklər.
Sahildə xüsusi qaydalara əməl edilsə və bu dənizin içində də davam etdirilsə, insanların virusa yoluxma ehtimalları sıfıra bərabər olar. Ona görə mən bu vəziyyətdə əhalini tam diqqətli olmağa çağırıram".
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 20-07-2020, 16:42