Körpüdə hər-hansı problem müşahidə olunmur - AAYDA

Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır. Rəsmi olaraq bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.
Reportyor.az xəbər verir ki, bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı açıqlamada deyilir.
Məlumatda deyilir ki, agentlik tərəfindən sözügedən ərazidə yalnız yeni körpünün inşası işləri həyata keçirilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.
"Onu da bildirək ki, yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər agentliyimiz tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim olunub".
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-06-2025, 17:15