Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü...
Avropa İnsan Haqları Məhkəməsi uzun illər məişət zorakılığının qurbanına çevrilən, sosial şəbəkələrdə əvvəllər birlikdə yaşadığı azərbaycanlı tərəfindən təqiblərə, təzyiqlərə məruz qalan Rusiyalı qadının online qısnama-kiberbullinq üzrə şikayətinə baxır.
Virtualaz.org xəbər verir ki, bu barədə "Kommersant" nəşri məluma yayıb. Söhbət Ulyanovsk şəhər sakini, 34 yaşlı Valeriya Volodinadan gedir. Məhz adıçəkilən qadının şikayəti əsasında bir neçə ay əvvəl Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib.
Avropa Məhkəməsi belə qərara gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. İndi isə məhkəmə qadının ikinci şikayətini-internet üzərindən qısnama ilə bağlı müraciətini araşdırır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin praktikasında ilk belə presedentdir.
Qeyd edək ki, Valeriya qeyri-rəsmi nikahda olduğu Azərbaycan vətəndaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb, dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin çoxsaylı şikayətlərə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb. Qadını zorakılığa məruz qoyan isə keçmiş sevgilisi, Azərbaycan vətəndaşı Rəşad Salayev olub. O, mütəmadi olaraq Valeriyanı güdüb, onu izləyib, döyüb və xəsarətlər yetirib.
Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər. İş o yerə çatıb ki, Valeriya Rusiyanı tərk edib, ad-soyadını dəyişmək məcburiyyətində qalıb. Amma nə təhdidlərin, nə şantajların, nə də hədə-qorxuların ardı-arası kəsilməyib.
Hüquq müdafiəçisi Tatyana Savina deyir ki, ilk dəfə Avropa İnsan Haqqları Məhkəməsi fiziki deyil, sosial şəbəkələr üzərindən onlayn qısnama-kiberbullinq işi üzrə şikayətə baxacaq: “ Üç ay əvvəl şikayət etmişik. Artıq araşdırmalar başlanılıb. İlk dəfə olaraq Avropa İnsan Haqqları Məhkəməsi internet üzərindən zorakılıqla bağlı şikayəti araşdıracaq”.
V.Volodina Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub. Qadın ilk dəfə döyülməsi ilə bağlı 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodina döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb. Salayev isə Azərbaycana qayıdaraq qadına qarşı təqibləri, təhdidləri davam etdirib.
Çox keçməyib ki, qadının “Vkontakte” sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilib. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti isə cavabsız qalıb.
“O fotolar biz bir yerdə yaşadığımız zaman çəkilmişdi. Bu cür şəkillər hər kəsin telefonunda ola bilər. Bu, normaldır. Münasibətdə olduğun şəxsin sonradan birgə şəkillərdən sənə qarşı istifadə etməsi isə normal deyil” – sosial şəbəkələr üzərindən psixoloji basqılara məruz qalan Valeriya Volodina bildirib.
Məlum olub ki, Rəşad Salayev Valeriyanın adından sosial şəbəkədə hesab yaradıb. Həmin hesaba qadının qohumlarını, tanışların əlavə edib. Həmin şəxslər isə sosial şəbəkədəki profilin V.Volodinaya məxsus olduğunu düşünüblər: “Özünü virtual auditoriya yığmışdı, hətta oğlunun məktəb müəlliməsinə, sinif yoldaşlarına belə dostluq yollamışdı. Sonradansa intim videoları, çılpaq şəkillərimi həmin səhifədə yaymağa başladı”.
Nəhayət, ötən ilin martında Ulyanovsk şəhəri, Zavoljsk rayon istintaq komitəsi tərəfindən V.Volodinanın şəkillərinin internetdə yerləşdirilməsi ilə əlaqədar R.Salayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb. Lakin elə həmin ilin dekabrında da araşdırma dayandırılıb. Məlum olub ki, qadının intim şəkillərini internetdə yerləşdirən şəxs Azərbaycandadır. Rusiya Daxili işlər nazirliyinin məlumatlarında isə R.Salayevin həmin ərəfədə Rusiyada olduğu bildirilib.
Hüquq müdafiəçisi Tatyana Savina deyir ki, Avropa İnsan Haqqları Məhkəməsi Valeriya Volodinanın xeyrinə qərar çıxaracağı təqdirdə Rusiya hökuməti qadınların müdafiəsi ilə bağlı qanunvericilikdə dəyişiklik etməlidir.
Dövlət Dumasında Gənclər Parlamentinin sədr müavini Dmitri Şatunov isə kiberbullinqə görə 5-10 min rubl arasında cərimə tətbiq olunmasını təklif edib.
MANŞET / KARUSEL / HADİSƏ
Tarix: 6-10-2019, 13:20