Parisdə Reza Deqatinin sərgisində 30 illik münaqişənin şahidi - Ağdam məscidinin fotosu nümayiş olunur
Parisdə “İnsan muzeyi”ndə (Musee de l’homme) “Plantu-Reza: Fərqli baxışlar” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva, Fransanın tanınmış incəsənət nümayəndələri, jurnalistlər, sənətsevərlər iştirak ediblər.
Sərgidə “Plantu” ləqəbli rəssam Jan Planturö və məşhur fotoqraf Reza Deqatinin fərqli baxışlarını əks etdirən rəsm və fotolar nümayiş olunur. 2011-ci ildə Kann şəhərində “Mətbuat karikaturalarının beynəlxalq görüşü”ndə ilk dəfə rastlaşmış, planetimizdəki sarsıntıların əsil müşahidəçiləri və ifadə azadlığının müdafiəçiləri - mətbuat karikaturaçısı Plantu və fotojurnalist Reza bu sərgi vasitəsilə təcrübələrini və dünyaya baxışlarını bir araya gətiriblər. Bu, monoxrom karikaturalardan və təsirli fotoşəkillərdən ibarət hibrid əsərlərin kəsişdiyi sərgidir.
Müharibənin dəhşətini, repressiyanı, senzuranı görmüş bu iki şəxsdən biri işgəncələrlə üzləşmiş, həbs və sürgün həyatı yaşamış, digəri isə ölüm təhdidləri və hücumlara məruz qalmışdır.
Sivilizasiyamızın zorakılığı ilə üzləşən Plantu və Reza qələm və kamera ilə silahlanıblar.
Bəzən eyni, bəzən də ziddiyyətli fikirlərdə olan hər iki müxbirin humanist və birləşmiş əsərləri bu gün bərabərsizlikləri bir ağızdan pisləyir, münaqişələri arxivləşdirir.
Sərgidə Reza Deqatinin Ermənistanın Azərbaycana qarşı torpaq iddialarını əks etdirən fotosu da nümayiş olunur. Nümayiş etdirilən Ağdam məscidinin fotosu haqqında qeyd olunub: “Ağdamda məscid zamanın və insanların basqınlarına tab gətirən yeganə tikilidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu 30 il müddətdə bu məkan vandalizmə məruz qalmış, məscid mal və donuz tövləsi kimi istifadə edilmişdir. Hər tərəfdə və hər yerdə vurulmuş yaraları sağaltmaq və sülh üçün daha çox çalışmaq qalır. Bu dinc məkan tarixə şahidlik edir. Azərbaycan, 2020.”
Pantu isə dostu Rezanın sayəsində Azərbaycanda Qarabağ münaqişəsi ilə daha dərindən tanış ola bildiyini qeyd edib.
“Plantu-Reza: Fərqli baxışlar” sərgisi cari ilin dekabrın 31-dək davam edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-05-2023, 08:39