Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Qanlı Yanvar hadisələrindən 34 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə dərin hörmət və ehtiramının parlaq ifadəsidir.
Bu gün təkcə Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

Faciəvi hadisələrin səhəri günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

KARUSEL / GÜNDƏM
Tarix: 20-01-2024, 10:26