mobil versiya

Çin husilərin gəmilərə hücumunu dayandırmaq üçün İranla danışıqlar aparıb



“Reuters” agentliyi adlarının çəkilməsini istəməyən iranlı diplomatlara istinadla xəbər yayıb ki, Çin Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumunu dayandırması üçün İrandan onları cilovlamağı tələb edib. Pekin, həmçinin öz gəmilərinin hücuma məruz qalacağı təqdirdə Tehranla münasibətlərin pozulacağı riski barədə xəbərdarlıq edib.
“Reuters” xəbər verir ki, iranlı mənbələr Çin ilə İran arasında hücumlar və ticarətlə bağlı müzakirələrin davam etdiyini bildirib, lakin bu görüşlərin vaxtı və iştirakçıları barədə təfərrüat verməkdən imtina ediblər. Məlumata görə, Pekin qarşı tərəfə bildirib ki, Tehran husilərə təmkin nümayiş etdirməsini söyləməlidir”.
Husilərin hücumları Çindən gələn gəmilərin geniş şəkildə istifadə etdiyi Asiya və Avropa arasında əsas ticarət yolunu pozaraq, daşıma və sığorta xərclərini artırıb. Eyni zamanda, Çin son on ildə İranın ən böyük ticarət tərəfdaşıdır. Ticarət üzrə analitik firma olan “Kpler”in tanker izləmə məlumatlarına görə, Çinin neft emalı müəssisələri keçən il İranın xam neft ixracının 90 faizindən çoxunu alıblar, çünki ABŞ sanksiyaları fonunda İran nefti ucuz satılıb. Bununla belə, İran nefti Çinin xammal idxalının yalnız 10 faizini təşkil edir və Pekinin başqa yerlərdən tədarük imkanları da var.
İran mənbələrinin bildirdiyinə görə, Pekin açıq şəkildə bəyan edib ki, Çinlə əlaqəsi olan hər hansı gəmi vurularsa, o, “Tehrandan çox məyus olacaq”.
Çin Xarici İşlər Nazirliyi Qırmızı dəniz hücumlarını müzakirə etmək üçün İranla görüşlər barədə medianın sualına şərhində yazıb: “Çin Yaxın Şərq ölkələrinin səmimi dostudur və regional təhlükəsizlik və sabitliyin təşviq edilməsinə, ümumi inkişaf və rifah axtarışına sadiqdir. "
İranın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı heç bir şərh verməyib.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 26-01-2024, 11:47